Milli Məclisin iki bitərəf deputatının hakim Yeni Azərbaycan Partiyasına keçəcəyi barədə məlumatlar yayılıb. Hətta bəzi isimlərin adları belə hallanmağa başlayıb.
1xeber.media xəbər verir ki, onlar sırasında ötən ay Ədalət, Hüquq və Demokratiya Partiyasından çıxarılan Elçin Mirzəbəylinin və bir müddət öncə mandatı ləğv edilən Ramil Həsənin adı keçir. Bu barədə ilk olaraq, modern.az saytı məlumat yayıb.
Qeyd edək ki, sabah hakim partiyanın yaradılmasının 33 ili tamam olur. Belə ehtimallar var ki, bu tarixdə YAP-a keçəcək deputatların adları açıqlanacaq.
E.Mirzəbəyli bütün bunlarla bağlı Musavat.com-a açıqlama verib:
“Hər hansı bir siyasi təşkilat, o cümlədən hakim Yeni Azərbaycan Partiyası mənimlə, bəzi media resurslarında iddia olunan mövzuda hər hansı bir müzakirə aparmayıb. Ola bilsin ki, kimlərsə, artıq mənim üçün keçmişdə qalan məsələlər ətrafında mövzu yaratmaq istəyirlər. Dəyərli dostlarımın və mediadakı həmkarlarımın diqqətinə çatdırıram ki, ehtiyac duyduğum halda mövzunu özüm yaradıram, mövzu olmuram. Fəaliyyətimi bitərəf deputat kimi davam etdirirəm və hər zaman olduğu kimi işimdən böyük zövq alıram”.















