Vətəndaşlar Yeni Klinikanın qarşısında uzun müddət növbə gözləmək məcburiyyətində qalıblar.
1xeber.media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Xəstəxanaya gələn pasiyentlərin içəri daxil olmaqda çətinlik çəkdiyi bildirilir.
Məsələ ilə bağlı Yeni Klinikadan sorğumuza cavab olaraq qeyd edilib ki, həmin şəxslər xəstəxanaya erkən saatlarda gəliblər: “Tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb. Klinikada həkim qəbulları saat 09:00-da başlayır. Növbə sıxlığının qarşısını almaq məqsədilə qeydiyyat prosesi saat 08:00-dan etibarən həyata keçirilir.
Görüntülərdə əks olunan vətəndaşlar qeydiyyatın başlanmasını gözləmək üçün Klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir. Qeyd etdiyimiz kimi, Klinikanın qapıları saat 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri daxil olurlar”.
Məlumatda həmçinin bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada həm canlı, həm də onlayn növbə sistemi tətbiq olunur. Vətəndaşlar “e-Tabib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə əldə edə bilirlər.
















