Ermənistan müdafiə naziri Suren Papikyan parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının iclasında çıxış edərək bildirib ki, ölkənin Silahlı Qüvvələri riskli və problemli kadrlardan təmizlənməlidir.
1xeber.media xəbər verir ki, komissiyada “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı müxalifət deputatlarının suallarını cavablandıran Papikyan son aylarda bir sıra təcrübəli zabitlərin ordudan ayrılmasını təsadüfi olmadığını qeyd edib. Nazir bildirib ki, məqsəd yalnız təcrübə səviyyəsi yüksək olan kadrlara deyil, həm də orduda problemlər yaradan, risk daşıyan şəxslərə yönəlib:
“Gərək əvvəlcə başa düşək, bu insanların təcrübəsi real olaraq nə idi. Uzun illərdir orduda mövcud olan sistemin problemli tərəfləri barədə çox danışılıb. Buna görə də risk daşıyan kadrlardan azad olmaq lazımdır və bu proses hazırda gedir,” — deyə Papikyan vurğulayıb.
Nazir əlavə edib ki, bu tədbirlər ordunun idarəetməsini təmizləmək və təhlükəsizlik baxımından risk yaradan şəxsləri sistemdən uzaqlaşdırmaq məqsədilə həyata keçirilir.

















