ABŞ Federal Təhqiqat Bürosu (FBI) Haitinin sahillərində yerləşən Qonav adasını zorakı yolla ələ keçirməyi planlaşdıran iki gənci saxlayıb.
1xeber.media xəbər verir ki, Texas ştatından olan 21 yaşlı Qevin Vayzenberq və 20 yaşlı Tanner Tomas özlərini “gələcəyin hakimləri” kimi görərək adada diktatura qurmağa hazırlaşırmış.
Bir il davam edən gizli hazırlıq
İstintaqın məlumatına görə, saxlanılan şəxslər təxminən bir il ərzində Qonav adasının coğrafiyasını, əhalisini, giriş-çıxış yollarını və yaşayış şəraitini detallı şəkildə öyrəniblər. Onlardan biri yanğınsöndürmə akademiyasına daxil olaraq “təlim keçdiyini”, digəri isə ABŞ Hərbi Hava Qüvvələrinə qoşulub “hərbi bacarıqlar topladığını” düşünüb.
Adada hazırda 87 min insan yaşayır. İttiham aktında qeyd olunur ki, həmin gənclər bu icmaya zorakı şəkildə hökmranlıq etməyi, hətta qadınlara qarşı ağır zorakılıq tətbiq etməyi planlaşdırıblar.
Absurd “ordu konsepsiyası” — evsizləri silahlandırmaq
Hadisənin ən qeyri-adi tərəfi isə onların “ordu” planı olub. İstintaqa görə, Tomas və Vayzenberq Vaşinqtonun küçələrində yaşayan evsizləri yığıb silahlandırmağı, sonra isə həmin “ordu” ilə adanı ələ keçirməyi düşünürmüş. FBI bu ideyanı “fantastik və son dərəcə təhlükəli cəfəngiyyat” adlandırıb.
Şübhələr və ifşa
Tomasın hərbi xidmət zamanı sərgilədiyi qəribə davranışlar diqqət çəkib. Daxili yoxlamadan sonra plan üzə çıxıb və məlumat dərhal FBI-ya ötürülüb. Hər iki gəncin sorğu zamanı öz planlarını tam şəkildə etiraf etdiyi bildirilir.















