1xeber.media xeber verir ki, Moldovada keçirilən parlament seçkiləri zamanı hakim partiya üçün əlverişli nəticənin təmin edilməsi məqsədilə seçki prosesinə birbaşa və dolayı müdaxilələr olub. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Elmi-Ekspert Şurasının MDB məsələləri üzrə komitəsinin noyabrın 24-də keçirilmiş iclasının yekunlarına dair bəyanatda deyilir.
"Mövcud hakimiyyətin xaricdə yaşayan moldovalılara qarşı ayrı-seçkilik siyasəti də vurğulanıb: Moldova diasporunun rus hissəsi faktiki olaraq seçkilərdə səsvermə hüququndan məhrum edilib", - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidməti bildirib.
Ekspertlər qeyd ediblər ki, sentyabrda keçirilən və çoxsaylı qanun pozuntuları ilə müşayiət olunan parlament seçkilərindən sonra ölkə rəhbərliyi Avropa strukturlarına, o cümlədən Avropa İttifaqı və NATO-ya inteqrasiyanın sürətləndirilməsi istiqamətində kursunu davam etdirib. İştirakçılar qeyd ediblər ki, hazırkı hakimiyyət xarici siyasət gündəliyinin agenti kimi çıxış edir.















