“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa çıxıb.
1xeber.media APA-ya istinadən xəbər verir ki, Əziz Orucovun cəza müddəti bu gün bitib və o, Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəsissəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə saxlanılıb.
Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Əziz Orucov 2 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə aşağı instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.
Ə.Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
İstintaq dövründə 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.
















