Məlum olduğu kimi, Roma Papası XIV Leo Türkiyədə səfərdədir. O, dünən Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib, eləcə də Anıtqəbiri ziyarət edib.
1xeber.media Türkiyə mediasına istinadən xəbər verir ki, Roma Papası ilk xarici səfəri çərçivəsində həmçinin Bursanın tarixi İznik qəsəbəsini ziyarət etməyi planlaşdırır.
Bu məkan isə təsadüfi seçilməyib.
Belə ki, qədim dövrdə Nikeya adlandırılmış İznik xristianlığın tarixi baxımından xüsusi əhəmiyyət kəsb edir. XIV Leonun səfəri isə İznikdə keçirilmiş Birinci Nikeya Kilsə Məclisinin 1700-cü ildönümünə təsadüf edir. Papa burada dini xadimlərlə həmin ildönümünə həsr edilmiş tədbirlərdə iştirak edəcək.
Bununla yanaşı, Roma Papası səfər çərçivəsində İznik gölünün sahilində yerləşən və uzun illər suyun altında qalmış Müqəddəs Neofit bazilikasının xarabalıqlarını ziyarət edəcək. Burada xüsusi ibadətin keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, 325-ci ildə Roma imperatoru I Konstantin tərəfindən çağırılmış Birinci Nikeya Kilsə Məclisi xristianlığın ən mühüm hadisələrindən biri kimi tarixə düşüb. Müqəddəs Neofit bazilikasında baş tutmuş məclisin qərarı ilə xristianlığın ortaq inanc əsasları qəbul edilib.
















