Qərbi Azərbaycanın əzəli türk yurdu, azərbaycanlıların dədə-baba torpağı olması həqiqətini çoxsaylı tarixi sübutlarla yanaşı, canlı şahidlərin yaşadığı, yaddaşında daşıdığı gerçək hekayələr də təsdiqləyir.
Bu insanların şüurunda Qərbi Azərbaycan torpaqlarının xatirəsi qorunub saxlanılır, onları dinləyəndə çox mətləblər aydınlaşır, təfərrüatlar üzə çıxır. Taleyinə qaçqınlıq yazılan Qərbi azərbaycanlılardan olan Nazlı Qədirovanın doğulub, boya-başa çatdığı, ömrünün bir hissəsini qoynunda yaşadığı doğma yurduna sevgisindən, erməni məkrindən, məruz qaldığı deportasiya həqiqətlərindən deməyə sözü çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə istinadən məlumatları bölüşən Nazlı Qədirova 1958-ci ildə Basarkeçər rayonunun Sədənağac, sonrakı adı ilə Güney kəndində anadan olub. 10 uşaqlı ailənin üzvü olan Nazlı Qədirova ata yurdunu böyük həsrətlə yadına salır. “Kəndimiz Göyçə gölünün sahilində, Basarkeçər-Çubuxlu yolunun üstündə yerləşirdi. Səfalı təbiəti var idi, yayı da, qışı da gözəl keçirdi. Atam deyirdi ki, kəndimizin tarixi keçmişə dayanır. Güneydə 1988-ci ildə baş verən deportasiyaya qədər yalnız azərbaycanlılar yaşayıb, onların da sayı təxminən 1800-dən çox olub. Əkinçilik, tütünçülüklə məşğul olmuşuq, mal-qara saxlamışıq”, - deyə müsahibim bildirir.
Kənd ərazisindəki Bala yoxuş, Beşbarmaqlar, Daşlı təpə, Qarovul təpəsi kimi yerlər, Abbas, Qaya, Maral adları ilə adlanan bulaqlar da xatirindədir. Deyir ki, bu yerlərin gözəl mənzərəsindən doymaq mümkün deyildi. Güneyin təmiz havasını udub, suyundan içənlərin, səxavətli torpağında yetişən nemətlərdən dadanların ömrü uzun, canı sağlam olub. Sonradan Nazlı Qədirova Basarkeçər rayonunun İnəkdağı kəndinə gəlin köçüb. Həmsöhbətim orada keçirdiyi günlərin ömrünün ən qayğısız illəri olduğunu dilə gətirir. “Burada da 150 evdə ancaq azərbaycanlılar yaşayırdı. Əhali çox mehriban, bir-birinə gediş-gəlişli idi. Elə bilirdim ki, elə orada doğulub, boya-başa çatmışam. Kənd üç tərəfdən dağlarla əhatələnmişdi, ətəyi isə geniş düzənlik idi. Tütünçülüklə, heyvandarlıqla məşğul olurduq, meyvə bağlarımız var idi”,- deyən Nazlı Qədirova kəndin keçmişi barədə böyüklərdən eşitdiklərini də bugünkü kimi xatırlayır.
Kəndin əhalisi 1918–1920-ci, həmçinin 1948–1953-cü illərdə deportasiyaya məruz qalıb. “Sonralar ermənilər bu taleyi bizə də yaşatdılar. Deportasiyadan əvvəl çox gərgin vəziyyət yaranmışdı. Bir dəfə atışma səsi eşitdik, elə bildik ki, ermənilər hücum edib, süfrədən qalxıb, uşaqları da götürüb qarlı havada dağlara qaçmışdıq”, - deyə o söyləyir. Ermənilərin azərbaycanlılara qarşı təzyiqləri dözülməz hal alıb. Onları bezdirib, yurdundan didərgin salmaq üçün bacardıqları hər şeyi ediblər: “Bir dəfə ermənilər bizə mal-qara almağa gəlmişdilər. Çox yalançı idilər, dəfələrlə azərbaycanlıları qiymətdə aldatmağa çalışırdılar. Qaynanam da kürəkənini çağırmağa getdi ki, gəlib ermənilərlə o danışsın. Yadımdadır, ermənilərin bizə nifrətlə baxmasından çox qorxmuşdum. Azərbaycanlı uşaqları oğurladıqlarını eşitmişdik, ən çox övladlarıma görə ehtiyat edirdim. Sonda qaynanamgilə ən ucuz qiyməti təklif etdilər və əliboş getməli oldular”.
Müsahibim 1988-ci ilin qış aylarının onlar üçün böyük məşəqqətlə keçdiyini yadına salır. Deyir ki, həmin ərəfədə ermənilərin kəndlərə hücum edərək vəhşiliklər törətməsi barədə xəbərlər səngimək bilməyib. “Kişilər kəndi qorumaq üçün günlərlə növbə çəkirdilər, yuxularımız ərşə çəkilmişdi. Vəziyyət o qədər dözülməz hal aldı ki, canımızı götürüb, kəndimizi tərk etməli olduq. Biz 6 uşaqla bir təhər qaçıb, Gədəbəyə sığındıq. Sonra öyrəndim ki, qansızlar anamın qəbrini qoyub, Güneyi tərk etmək istəməyən yaşlı atamı vəhşicəsinə döyüblər. Oraya da, İnəkdağına da biz çıxan kimi özləri yerləşiblər”, - deyən müsahibim qəhərdən danışmaqda çətinlik çəkir. Nazlı Qədirova üçün çətin günlər bundan sonra da bitməyib. Bir müddət sonra yurd nisgilinə dözməyərək xəstə yatağına düşən həyat yoldaşını itirən Qərbi azərbaycanlı övladlarını əkin-biçinlə məşğul olaraq tək böyütməli olub. “Erməni zülmünə məruz qalan günahsız azərbaycanlılardan sadəcə biriyəm. Bilirəm ki, ədalət əvvəl-axır öz yerini tapacaq. Dədə-baba yurduma balalarımla birgə qayıtmağı böyük həsrətlə gözləyirəm və o günün gələcəyinə əminəm”, - deyə 66 yaşlı Nazlı Qədirova bildirib.