Nisbi olaraq yaxın – bir il yarım, iki il əvvəlki taksi vəziyyətini xatırlayırsınız? Yollar sözün əsl mənasında köhnə avtomobillərlə və etibarsız görünən sürücülərlə dolu idi. Hər dəfə taksi çağıran sərnişin sağlamlığını, hətta həyatını riskə atırdı.
Broun hərəkəti
Bir müddət sonra vəziyyət tamamilə gərginləşdi - Bakı artıq köhnəlmiş xarici maşınlarla dolu qeyri-rəsmi taksi sürücüləri ilə daşırdı. Təklif artdıqca, gediş haqqı ucuzlaşırdı. Bundan yaxşı nə ola bilərdi? Taksi çoxdur, hansı xoşuna gəlir onu seç, üstəlik də gülünc qiymətə.
Lakin bazarda təklifin artması xidmət keyfiyyətinin yüksəlməsi demək deyildi. Müştərilər getdikcə daha çox klassik taksi sürücüsünə (geyim tərzi, davranış, ünsiyyət) heç uyğun gəlməyən, adekvat olmayan insanlarla qarşılaşırdı. Onları peşəkar sürücü hesab etmək çətin idi - nə yol hərəkəti qaydalarını düzgün bilirdilər, nə də nəqliyyat vasitəsini etibarlı idarə edirdilər. Üstəlik, çox vaxt belə özünü taksi adlandıranlar texniki baxışdan keçməmiş və ya istismar müddəti bitmiş, tüstü püskürdən maşınlar sürdülər.
Dəyişikliklər küləyi
Əziyyət çəkən hamı idi - həm qəpik-quruşa işləmək məcburiyyətində qalan sürücülər, həm də qənaət etsə də, nöqtə “A”dan “B”yə sağ-salamat çata biləcəyindən əmin olmayan sərnişinlər.
Bu, yumşaq desək, qəbuledilməz vəziyyət idi və dövlətin diqqətindən yayınmadı. Dövlət taksi bazarının ciddi şəkildə islahına başladı. Bu başa düşüləndir: keyfiyyət dəyişiklikləri inkişafa yol açır və onlar xüsusilə şəhərlərin və ölkələrin normal fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş və iqtisadi artımla birbaşa əlaqəli olan sərnişin daşımaları sahəsində vacibdir.
Gözlənilən islahatların praktiki tətbiqi 2024-cü ilin ikinci yarısında başladı. Qanunvericiliyə əsasən, taksi sürücülərinin lisenziya almaq üçün xüsusi hazırlıq keçməsi və imtahan verməsi tələb olunur. Taksi fəaliyyəti üçün buraxılış kartları isə yalnız istismar müddəti buraxılış tarixindən 8 ili keçməyən avtomobillərə verilir. Ağ və qırmızı rəngli taksilər buraxılış üçün ən azı “Euro-5” ekoloji standartına cavab verməlidir.
Artıq təxminən il yarım keçib – ilkin nəticələri qiymətləndirmək olar.
Gözlənti və reallıq
İslahat nəyə yönəlib? Aydındır ki, əsas məqsəd taksi bazarını sabitləşdirmək və onu beynəlxalq standartlara uyğunlaşdırmaqdır. O cümlədən taksi parkının yenilənməsi yolu ilə.
Yenilənmə baş verdi mi?
Bəli. Bunu elə sürücülərin özləri etdilər. Qanunun tələblərini pozmamaq üçün yeni avtomobillər kirayə götürdülər və ya satın aldılar. İkinci halda hesab sadədir: yeni maşın 8 il xidmət edəcək, xərcini çıxaracaq və gəlir gətirəcək.
Amma əslində nə görürük?
Ağ (və ya qırmızı) rəngli, müəyyən markaya aid avtomobil gəlməli olduğu halda, müştərini köhnəlmiş, qara (mavi və s.) avtomobil qarşılayır. Eyni “rəngarənglik” avtobus dayanacaqlarında, iri nəqliyyat qovşaqlarında qrup halında dayanır. Və bu kimi hallar təkcə şəhər mərkəzində baş vermir. Həmin “rəngarənglər” tələblərə əməl edən taksi sürücülərinin potensial müştərilərini ələ keçirirlər.
Qanunidirmi? Xeyr. Kimlərin hüquqları pozulur? Həm sərnişinlərin, həm də taksi sürücülərinin.
Bərabər olmayan şərtlər
Sərnişinlər keyfiyyətli xidmət, yəni çağırdıqları taksi tətbiqində göstərilmiş avtomobil markası və standartları gözləyirlər.
Zərərdə olanlar isə tələblərə əməl edən sürücülərdir. Qaydalara məhəl qoymayanlar deyil – onlar, əksinə, qazancdadır.
Yeni maşın almaq və ya kirayə götürmək üçün pul qoyan taksi sürücüləri ciddi yük altına düşüblər. Xüsusən də borc və ya bank krediti ilə maşın alanlar. Artan xidmət xərcləri bir yana, aylıq kredit ödənişləri də kifayət qədər böyükdür. Maşın bu gün heç də ucuz deyil…
Ən əsası isə ədalətli rəqabətin olmamasıdır. “Vicdanlı” taksi sürücüləri qaydalara əməl etməyən, qanuna zidd olaraq işləyən köhnə maşınlarla rəqabət aparırlar. Halbuki, qanuna görə belə rəqabət ümumiyyətlə mümkün olmamalıdır.
Bu səbəbdən sürücülər bir-birilə söhbətlərdə, müştərilərlə dialoqlarda və sosial şəbəkələrdə haqlı olaraq şikayətlənirlər ki, nəzarət edən qurumlar yeni standartların icrasını lazımi səviyyədə təmin etmirlər.
Onlar baş verənləri “ədalətsizlik” adlandırır, “ikili standartlardan” danışırlar və bu fikirlər, təəssüf ki, reallığı əks etdirir. Hamı üçün eyni olan qanunun tələblərinə cavab verməyən taksilər şəhər yollarında necə hərəkət edə bilər?
Yəqin sizin də rastınıza çıxıb: bəzən taksini gözləmə müddəti bütün həddi aşır – 15-25 dəqiqəyə çatır!
Səbəblərdən biri - xəttə çıxan maşınların azlığıdır. Niyə? O cümlədən ona görə ki, ədalətsiz rəqabət şəraiti ilə üzləşmiş sürücülərdə narazılıq və islahata inamsızlıq artır. Əslində keyfiyyəti və təhlükəsizliyi artırmaq üçün nəzərdə tutulmuş bu islahat, onların fikrincə, mənasını itirir. Çünki məqsəd köhnə avtomobillərin yeniləri ilə əvəzlənməsi, ekoloji təmiz nəqliyyatın artması idi. Bu isə avtomatik olaraq xidmətin yaxşılaşmasına səbəb olmalı idi.
İndi isə onlar xəttə daha az çıxır və ya ümumiyyətlə işi buraxırlar.
Başqa qazanc yolları axtarırlar…
Rəylərdən göründüyü kimi, həmin sürücülər islahatı dəstəkləməyə hazır idilər. Ancaq bir şərtlə: qaydalar hamı üçün bərabər olduğu halda.
Amma hələ ki şəhər küçələrində taksi adı ilə 8 yox, 20, hətta 30 ildən çox istismar olunan köhnə maşınlar fəaliyyət göstərməyə davam edir.
















