Müğənni Demet Akalının “GQ Turkey Men of the Year 2025” mükafatlandırma mərasimindəki qərara göstərdiyi kəskin reaksiya gündəmi zəbt edib.
1xeber.media-nın məlumatına görə, “İlin musiqi adamı” adına Edisin layiq görülməsi Akalını ciddi şəkildə narazı salıb.
O, bu nominasiyada Sefonun daha layiqli olduğunu bildirib və həm təşkilatçıları, həm də Edisi sərt tənqid hədəfinə çevirib.
Akalın bildirib ki, bu il Sefo ilə birlikdə səsləndirdikləri “Yerinde dur” mahnısı ölkənin ən çox dinlənilən hitlərindən biri olub. Bu məqamı vurğulayan müğənni seçimlərin obyektivliyinə şübhə ilə yanaşdığını deyib:
“Sefonun yerində olsaydım, aləmi qatardım. “Boş ver, bacı, Allahın və xalqın təqdiridir” deyir. Amma bu ilin mahnısını o yazıb. Bu qədər zəhmətinin qarşılığı belə olmamalı idi”.
Demet Akalın həmçinin əvvəlki illərdə yaşadığı oxşar bir ədalətsizlikdən danışaraq, “Türkan” mahnısını oxuduğu dövrdə də mükafata layiq görülmədiyini xatırladıb:
“Sanki mahnımı mən yox, onların ataları oxuyub. Hər dəfə eyni vəziyyət. Uğuru görməzdən gəlirlər”.
Sənətçinin bu çıxışı sosial şəbəkələrdə böyük rezonans doğurub. Bəzi istifadəçilər onun haqlı olduğunu, Sefonun bu il musiqi sahəsində ciddi iz qoyduğunu bildiriblər. Digərləri isə mükafatların GQ-nun öz kriteriyalarına əsasən verildiyini və Akalının reaksiyasının həddindən artıq emosional olduğunu yazıblar.

















