Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi bir sıra yazıçı və nəşriyyatla yeni alqı-satqı müqavilələri bağlayıb. Müqavilələrdə həmin yazıçılara və nəşriyyatlara məxsus müxtəlif nəşrlərin (kitabların) satın alınması nəzərdə tutulur.
Qeyd edilib ki, bu alqı-satqı nazirliyin kitabxana fondunun oxucuların tələbatına uyğun yeni nəşrlərlə zənginləşdirilməsi və komplektləşdirilməsi məqsədi daşıyır.
Qələm adamları ilə bağlanılmış müqavilələrdə tanınmış şəxslərin də adları var. Onlardan biri də gənc yazıçı Kəramət Böyükçöldür. Hazırda bütün normal və sosial media “nazirlik Kəramətə niyə pul verdi” mövzusunu müzakirə etməkdədir.
Bu müzakirələrə yazıçı Kəramət Böyükçöl də qoşulub. Musavat.com onun sosial mediada paylaşdığı sərt və ironik mövqeyi oxucularına təqdim edir:
“Mədəniyyət Nazirliyi müxtəlif nəşriyyatlardan və müəlliflərdən hər il kitablar alır. Məsələn, elə nəşriyyat var ki, ondan 100 min manatlıq, 80, 50 min manatlıq kitab alıblar. Elə yazıçılar var ki, onlardan 10 min manatlıq kitab alıblar. Eləsi var ki, 8 min, 7, 5, 4 min manatlıq kitab alıblar. Allahın Bəhram Bağırzadəsindən 9 min 500 manatlıq kitab alıblar. Məndən isə 4500 manatlıq kitab alıblar. Daha dəqiqi, Mədəniyyət Nazirliyi müxtəlif kitabxanalara paylamaq üçün siyasətə qarışmayan “Səkkizinci gün” və “Əlqəmə” romanlarımın hərəsindən 150 ədəd alıb. Bu da 4500 manat edir. Onun da 900 manatını vergiyə ödəyəcəyəm. Yerdə 3600 manat qalır.
Yəni nazirlik mənə havayı pul verməyib e, kitabımı alıb.
İkincisi, o siyahıda nə qədər yazıçıların, nəşriyyatların, naşirlərin adı var. Amma bütün saytlar başlığa mənim və atamın adını çıxarır. Çünki bu məsələni cəmiyyətə başqa cür maraqlı eləmək mümkün deyil.
İndi illərlə dövlət büdcəsini inək kimi sağanlar qalıb qıraqda, cəmiyyət Mədəniyyət Nazirliyinin mənim kitabıma verdiyi 3600 manatı müzakirə edir.”

















