Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
1xeber.media xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Dekabr ayının 15-də saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb.
Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri – 1985-ci il təvəllüdlü Qədir Hüseynağa oğlu Şahbazov və 1986-cı il təvəllüdlü Zamiq Mövsümağa oğlu Babayev saxlanılıblar.

















