İstintaqın tələbi, yoxsa sabiq məmurun özünün seçimi?
Səbayel Rayon Məhkəməsinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində çıxardığı 4 aylıq ev dustaqlığı qərarının üçüncü ayı başlayıb. İstintaq Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir. Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.
Qeyd edək ki, R.Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019-2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.
Qeyd edək ki, xüsusilə ağır cinayətlər üzrə son istintaq hətta 19 ay davam edə bilər, bu səbəbdən Mehdiyevin istintaq müddətinin uzadılması daha çox gözləniləndir. Bu isə fevral ayının 14-nə təsadüf edə bilər. İstintaq müddəti işi araşdıran müstəntiqin vəsatəti ilə uzadıla bilər, amma ev dustaqlığı barədə qərarı yalnız məhkəmə verməlidir.
Ramiz Mehdiyevin özünə qarşı başlanan cinayət işi və seçilən ev dustaqlığı tədbiri, istərsə də digər işlər, həbslər haqqında rəsmi açıqlama verilməyib. Lakin mediada yayılan xəbərlərdə AXCP sədri Əli Kərimli və partiya funksioneri Məmməd İbrahimin həbsinin Ramiz Mehdiyev işi ilə əlaqəli olduğu vurğulanıb.
Hələlik rəsmən bəyan olunmasa da, Əli Kərimli və Məmməd İbrahim barəsində seçilmiş həbs-qətimkan tədbirləri ilə Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı tədbirinin eyni gündə başa çatması həbslərin eyni cinayət işinin istintaqı çərçivəsində aparıldığını təsdiqləyən arqument kimi götürülə bilər. Hər üç şəxsin DTX-nın əməliyyatı ilə tutulmasını, bu qurumun istintaq təcridxanasında saxlanmasını da arqumentlərə əlavə etmək mümkündür. Mediada Milli Elmlər Akademiyası katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirovun da Ramiz Mehdiyev işinə görə tutulduğu qeyd edilib. Eldar Əmirovun tutulması xəbəri mətbuatda noyabrın 3-də dərc olunub. Xəbərdə onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyi, hansı istintaq orqanının təqdimatı ilə tutulduğu göstərilməyib, yalnız Səbayel Rayon Məhkəməsinin 4 ay müddətinə həbs-qətimkan tədbiri seçdiyi vurğulanıb.
Daha maraqlısı budur ki, R.Mehdiyev ortada ciddi və ağır ittihamlara baxmayaraq, susmaqda davam edir. O, cəmi bir dəfə bu mövzuda müxbirin zənginə “alo” deməklə kifayətlənib, bundan sonra onunla media arasında heç bir bağlantı cəhdi alınmayıb. Bəs Mehdiyevin susqunluğu xüsusi bir müdafiə taktikasıdırmı? Yoxsa kifayət qədər həyat təcrübəsi olan PA-nın sabiq rəhbəri məqsədli şəkildə susmağa üstünlük verir?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ramiz Mehdiyevin susqunluq nümayiş etdirməsinin səbəbləri ola bilər: “Biz bilirik ki, Ramiz Mehdiyev barəsində həbs-qətimkan tədbiri qanunvericilikdə nəzərdə tutulduğu kimi, ev dustaqlığı olaraq tətbiq edilib. Ola bilər onun barəsində məhkəmədə ittiham tərəfini həbs-qətimkan tədbiri seçilməsi məsələsini qaldırıb. Yəni ola bilsin vəsatət bu şəkildə olub, amma müdafiə tərəfinin yaşı və sağlamlığı ilə bağlı və yaxud digər səbəblərlə bağlı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi məsələsi qaldırılıb. Məhkəmə də səbəbləri tutarlı hesab etdiyi üçün həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. O ki qaldı Ramiz Mehdiyevin bu iki ayda susmasına, nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinin 163-cü maddəsində ev dustaqlığı ilə bağlı məsələlər öz əksini tapıb. Həmin maddənin tələbinə görə, ibtidai istintaqı aparan orqan tərəfindən ev dustaqlığında olan şəxsin cəmiyyətdən tam şəkildə təcrid olunması nəzərdə tutulmasa da bəzi hüquq və azadlıqları ilə bağlı məhdudiyyətlər qoyulur. Onlardan biri də məhz telefon danışıqları, mediaya açıqlamalar verilməsi ilə bağlı məhdudiyyətdir. Telefon danışmaları, yazışmalar, müxtəlif tədbirlərə gedib gəlmək, ayrı-ayrı şəxslərlə əlaqələr qurmaq kimi hərəkətlərə qanunla məhdudiyyətlər qoyula bilər”.
Ekspertin sözlərinə görə, nəzərə alsaq ki, Ramiz Mehdiyev barəsində irəli sürülən ittihamlar çox ağır ittihamlardır və onun şəxsiyyətini, əvvəlki əlaqələrini, əhatə dairəsinin, təsir imkanlarının zamanında çox böyük olduğunu da nəzərə alsaq, Ramiz Mehdiyev barəsində qeyd olunan məhdudiyyətlər tətbiq olunubsa, təbiidir və real görünür: “Ona görə də ibtidai istintaq tərəfindən Ramiz Mehdiyevə telefon danışıqları qadağa edilə bilər. İstisna deyil ki, o da bu məhdudiyyətdən istifadə edib, ümumiyyətlə, susur. Onun kimlərlə əlaqəyə çıxmaq cəhdləri də ola bilər ki, həmin cəhdlərdən ibtidai istintaq araşdırması üçün hansısa məqamlar müəyyən oluna, istintaq yeni nələrinsə üstünü aça bilər. Bütün bunlar təbii ki, bizim ehtimallarımızdır. Amma onun hətta ifadə verib-vermədiyi bizə məlum deyil. Bu gün reallıq odur ki, Ramiz Mehdiyev susqunluq nümayiş etdirir. Bu susqunluq araşdırması gedən cinayət işini hansı istiqamətdə aparacaq, qarşıdakı dövrdə görəcəyik. Hər bir halda istintaqın yekununda cəmiyyət üçün gizli olan bir sıra mətləblərin üstünün açıldığının şahidi olacağıq”.

















