Xocalı və Ağdərənin kəndlərində fərdi yaşayış evlərinin təmirinə 13 milyon manata yaxın pul ayrılıb
Qarabağa “Böyük Qayıdış” prosesi bu həftə də uğurla icra olunmaqdadır. Həftənin ilk günü köç karvanının növbəti ünvanlarından biri yenidən Cəbrayılın Horovlu kəndi olub.
Təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulan kəndə bu mərhələdə Bakı şəhərindən 7 ailə 28 sakin, Abşeron rayonundan 2 ailə 8 sakin, Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl qəsəbələrindən 11 ailə 40 sakin, Beyləqan rayonundan 1 ailə 5 sakin və Şirvan şəhərindən 1 ailə 4 sakin olmaqla ümumillikdə 22 ailə 85 sakin köçürülüb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib ki, kəndin layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfər olmaqla, 867 ailənin yaşaması nəzərdə tutulub. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi planlaşdırılır və artıq 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda fasad və interyer işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir. Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.
Xatırladaq ki, bu günədək Horovlu kəndinə respublikamızın müxtəlf bölgələrində məskunlaşmış 172 ailə, 692 rayon sakini köçürülüb.
Dekabrın 16-da Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Xocavəndin Sos kəndinə köç olub. Bu dəfə kəndə 21 ailədən ibarət 94 nəfər köçürülüb.
Məlumat üçün bildirək ki, hər bir ailə təmirli mənzillərlə təmin olunur.
“Mənim üçün doğma yurda qayıtmaq çox böyük sevincdir. Açığı, hisslərimi sözlə ifadə etmək çətindir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocavənd rayonunun Sos kəndinə köç edən keçmiş məcburi köçkün Fikrət Hüseynov deyib.
O, illər ərzində yaşadığı bütün çətinliklərə rəğmən doğma yurda qayıdışın yaşamaq üçün yeni ümid verdiyini qeyd edib.
“Həmin illərin ağrısı, çətinliyi hələ də yaddaşımdadır. Həyatımız o vaxtdan tamam dəyişdi. Çox çətin günlər keçirdik, böyük itkilərimiz oldu. Amma bütün bunlara baxmayaraq, bu gün torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir”, - deyə F.Hüseynov vurğulayıb.
Sos sakini, həmçinin bildirib ki, əvvəllər həmin kənddə yaşamasa da, orada məskunlaşmaq onun ən böyük arzusu olub.
“Biz əslən Füzuli rayonundanıq. Mən daha çox Sos kəndinə getmək istəyirdim. Kənd seçimi ilə bağlı müraciət etdik, adım siyahıya salındı və sonradan mənə bildirildi ki, həmin kəndə köçəcəksiniz. İnşallah, öz evimizdə, öz ailəmizlə, öz zəhmətimizlə yaşaya biləcəyik”, - deyə o diqqətə çatdırıb.
“Doğma yurda qayıtmaq çox gözəldir. Bundan gözəl hiss ola bilməz. Mən oradan 4 yaşımda çıxmışam, indi isə 38 yaşım var. Bu torpaqlara yenidən qayıtmaq insan üçün sözlə ifadə olunmaz bir duyğudur.
Bu sözləri isə Xocavənd rayonunun Sos kəndinə köç edən daha bir keçmiş məcburi köçkün İbrahim Nəcəfov deyib. O, uşaq yaşlarında didərgin düşdüyünü, indi isə valideyn kimi, öz övladları ilə birlikdə qayıtdığını bildirib. “Övladlarımdan birinin üç, digərinin isə altı yaşı var. Onlar mənim yaşaya bilmədiyim günləri yaşayacaq, görmədiyim gözəllikləri görəcəklər. Bu, mənim üçün həm sevinc, həm də təsəllidir”, - deyə İ.Nəcəfov əlavə edib.
Dekabrın 16-da Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə də köç reallaşdı. Bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər köçürülüb.
Məlumat üçün bildirək ki, Xocalı rayonunun Təzəbinə kəndi və Ağdərənin Həsənriz kəndində fərdi yaşayış evlərinin təmirinə ümumilikdə 12,9 milyon manat vəsait xərclənəcək.
Teleqraf.az xəbər verir ki, Xocalıda tikinti işlərini “Salmanoğlu-İnşaat” MMC icra edəcək. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı MMC ilə bir mənbədən müqavilə imzalayıb. Müqavilənin dəyəri 3 milyon 639 min 785,97 manatdır.
Eyni zamanda, Ağdərənin Həsənriz kəndində fərdi evlərin cari təmir işlərinin görülməsi üçün “Proform” MMC ilə 3 milyon 316 min 981,32 manat, “AEF Group” MMC ilə isə 5 milyon 954 min 469,59 manat dəyərində müqavilələr bağlanıb.
Hər iki kənddə dekabrın 12-də başlanan təmir işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub.
Yazını hazırladı: Cavanşir ABBASLI

















