Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni sədr təyin olunub.
1xeber.media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmirullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İlqar Bayramlı agentliyin sədri vəzifəsinə gətirilib.
Qeyd edək ki, İlqar Şakir oğlu Bayramlı 28 mart 1975-ci ildə Bakı şəhərində anadan olub.
1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub. 1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsilini tamamlayıb.
İlqar Bayramlı əmək fəaliyyətinə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, daha sonra baş müəllim vəzifəsində çalışıb. O, həmçinin “Neftçi” PFK MMC-də Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və direktor vəzifələrində fəaliyyət göstərib.
Bundan sonra “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi çalışıb, daha sonra Ağsu rayonunda yerləşən “AZGRANATA” MMC-də Maliyyə departamentinin rəhbəri, həmçinin İdarə Heyəti sədrinin birinci müavini olub.
2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsində müdir müavini kimi fəaliyyət göstərib. 2024-cü ildən etibarən həmin şöbəyə rəhbərlik edib.
Son təyinatadək Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edirdi.
Ailəlidir, 3 övladı var.

















