"Ümid edirəm ki, tezliklə Ermənistan malları Azərbaycana ixrac olunacaq".
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində hər şeyi mürəkkəbləşdirmək vərdişi formalaşıb. “Ermənistanla bağlı nəsə baş verirsə, Ermənistan öz münasibətini bildirməlidir. Biz buna öz müsbət münasibətimizi bildiririk”, - deyə o, Azərbaycan Prezidentinin qərarını müxtəlif platformalarda dəfələrlə alqışladığına dair sualı cavablandırıb.
N.Paşinyan Qazaxıstandan, daha sonra Rusiyadan buğda idxalına qoyulan qadağanın aradan qaldırıldığını, Ermənistandan əks istiqamətdə (Gürcüstan və Azərbaycan ərazisindən tranzitlə – red.) qatarların hərəkətinə heç bir məhdudiyyətin olmadığını vurğulayıb. “Niyə o zaman qatarlar Ermənistanı tərk etmir? Çünki bizim əməliyyatlarımız bir yük maşınının məntiqinə əsaslanır, çünki qatarı yükləmək və onu konkret istiqamətə göndərmək mürəkkəb prosesdir; biz tələb olunan miqdarda malları bir yerdə cəmləşdirməliyik”, - Ermənistanın baş naziri qeyd edib.
O xatırladıb ki, bundan sonra Azərbaycan Ermənistan subyektlərinə neft məhsulları satmağa hazır olduğunu bildirib. “Və biz öz mövqeyimizi bildirməsək, qəribə olardı, mən də öz mövqeyimi bildirirəm və mən müxtəlif yerlərdə düzgün iş görürəm ki, bu, müxtəlif yerlərdə qeydə alınsın”, - Paşinyan əlavə edib.
O, həmçinin bunu Avrasiya İqtisadi İttifaqı üçün vacib kimi qiymətləndirib, çünki indi Ermənistanın Aİİ ilə dəmir yolu əlaqəsi var ki, bu da əvvəllər heç vaxt mövcud olmayan bir şeydir. “Baş verənlərin miqyasını qiymətləndirmək çox vacibdir. Mən nümayiş etdirmək istəyirəm ki, sülh reallıqdır və bu reallığın konkret təzahürləri var”, - baş nazir yekunlaşdırıb.

















