Rusiya Xarici İşlər Nazirliyi (XİN) Vaşinqtonu əvvəllər ABŞ hərbçiləri tərəfindən əsir götürülmüş Venesuela prezidenti Nikolas Maduronu azad etməyə çağırıb.
1xeber.media xəbər verir ki, bu barədə nazirliyin Telegram-kanalında müvafiq məlumat dərc olunub.
“Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının ABŞ-da olması ilə bağlı təsdiqlənmiş xəbərlər fonunda biz Amerika rəhbərliyini bu mövqeyini yenidən nəzərdən keçirməyə və suveren ölkənin qanuni seçilmiş prezidentini və onun həyat yoldaşını azad etməyə şiddətlə çağırırıq”, - bəyanatda deyilir.
XİN Vaşinqton və Karakas arasında problemlərin dialoq yolu ilə həllinə şərait yaradılmasının vacibliyini vurğulayıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Venesuelanın vitse-prezidenti Delsi Rodriges Qomes ilə telefon danışığı apardığı bildirilib. Nazir təcavüz qarşısında Venesuela xalqı ilə həmrəy olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp Maduronun və həyat yoldaşı Cilia Floresin vertolyotla Venesueladan çıxarılaraq Nyu Yorka gedən gəmiyə yerləşdirildiyini açıqlayıb.

















