“Rus bölməsinin birinci sinfinə 30 nəfərin yerinə 45–50 nəfər şagird götürürlər. Hazırda respublika üzrə rus bölməsində ümumən 150i, 160 min nəfər oxuyur, bu da bütün şagirdlərin 9,3 faizini təşkil edir. Rus dilini bilməyən valideynlər övladlarının məhz rus bölməsində oxuması üçün dəridən-qabıqdan çıxırlar. Sonra isə təhsil naziri Emin Əmrullayevin dediyi kimi, proqramı mənimsəmək çətin olduğu üçün birinci sinifdən həmin uşaqları repetitor yanına göndərməyə məcbur qalırlar, çünki özlərinin rus dilindən bilgiləri olmur”.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyində keçirilən “Dilimiz-kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirədə Xalq yazıçısı Elmira Axundova deyib.
Onun sözlərinə görə, rus bölməsinə qəbul zamanı valideynlərin də dil bilgisini yoxlamaq lazımdır:
“Sual çıxır: əgər siz problemi görürsünüzsə, niyə onu həll etmirsiniz? Bu uşaqları rus bölməsinə qəbul etmək nəyə lazımdır? Birinci sinfə qəbulun müsabiqəsi və imtahanı zamanı təkcə şagirdləri yox, valideynləri də yoxlamaq lazımdır. Rus dilini bilməyirsənsə, uşağına hansı köməyi edə bilərsən? Apar övladını Azərbaycan bölməsinə qoy.
Ermənistanda vətəndaşların rus məktəblərinə uşaq qoyması qanunla qadağan edilib. Gürcüstanda bütün məktəblərdə təhsil dövlət dilindədir”.
Xalq yazıçısı ingilis bölməsi kimi, rus bölməsini də ödənişli təhsilə çevirməyin tərəfdarı olduğunu deyib:
“Mən bununla rusdilli məktəblərin tamamilə ləğv olunmasını demirəm. Onların sayı az da olsa qalmalıdır ki, gələcəkdə MDB ölkələrindən bizim ölkəmizə işləməyə gələn diplomatların, rus, ukrayn, tatar millətinə mənsub vətəndaşlarımızın uşaqları özlərinə doğma bildikləri bu dildə oxuya bilsinlər.
Bakıda bütün tədrisi ingilis dilində aparan məktəblər var. Onların hamısı ödənişlidir. Məncə, yavaş-yavaş rus bölməsini də ödənişli təhsilə çevirmək lazımdır. Bax, onda bu məktəblərin sayı azalacaq. Ümumiyyətlə, azərbaycanlılar öz doğma dilində təhsil alsa yaxşıdır ki, gələcəkdə “tam” və “yarımçıq” rusdillilərə, azərbaycandillilərə bölünməyi dayandıraq”.

















