Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Xətai rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşəbbüsü ilə növbəti qanvermə aksiyası təşkil olunub. Aksiya Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 6 nömrəli Şəhər Poliklinikasında keçirilib.
1xeber.media xəbər verir ki,humanist məqsədlərə xidmət edən qanvermə aksiyasında dövlət qurumlarının, təhsil müəssisələrinin, eləcə də özəl sektorun müxtəlif müəssisə və təşkilatlarının əməkdaşları fəal iştirak ediblər. Könüllülük prinsipi əsasında təşkil olunan aksiyada ümumilikdə 43 nəfər donor iştirak edərək qan verib.
Aksiyanın əsas məqsədi talassemiya və digər ağır qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsinə dəstək göstərmək, eyni zamanda cəmiyyət arasında könüllü qanvermə mədəniyyətini təşviq etməkdir. Xüsusilə Xətai rayonu sakinlərinin bu xeyirxah təşəbbüsə böyük həssaslıq və məsuliyyətlə yanaşması aksiyanın yüksək səviyyədə təşkilinə şərait yaradıb.
Qanvermə prosesi Respublika Qan Bankının peşəkar tibb heyəti tərəfindən sanitar-gigiyenik normalara tam riayət olunmaqla həyata keçirilib. Aksiya zamanı toplanan qan nümunələri müvafiq tibbi yoxlamalardan keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil verilib və ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Xətai rayon İcra Hakimiyyəti tərəfindən bu kimi sosialyönümlü, xeyriyyə xarakterli tədbirlərin keçirilməsi gələcəkdə də davam etdiriləcək, əhalinin sağlamlığının qorunması və ictimai həmrəyliyin gücləndirilməsi istiqamətində mütəmadi addımlar atılacaqdır.



















