22 yanvar 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
1xeber.media xəbər verir ki,görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra, RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Kunanbayev 64/11 saylı ünvanda binanın navalçasının təmiri, S.S.Axundov küçəsi 1/2 saylı binanın yanında ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, 7-ci mikrorayonda un məmulatları mağazasının qarşısındakı yolda “AzəriQaz” İstehsalat Birliyi tərəfindən aparılan qazıntı işlərindən sonra sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, S.S.Axundov küçəsi 13/37 saylı ünvanda binanın qarşısında iki ədəd tam qurumuş ağacın kəsilməsi, S.S.Axundov küçəsi 40/b ünvanında suyun təzyiqnin zəif olması, bəzi ünvanlarda piyadaların gediş-gəlişinin tənzimlənməsi məqsədilə yol nişanın quraşdırılması əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.























