Hindistanın Rusiya ilə əməkdaşlığa yanaşmasını yenidən nəzərdən keçirdiyinə inanmaq üçün heç bir səbəb yoxdur.
1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı ABŞ Prezidenti Donald Trampın Hindistanın Rusiya neftinin alışını dayandırması ilə bağlı açıqlamasına belə cavab verib.
Diplomat ABŞ-ın şərtləri diktə etmək hüququna malik olmadığını vurğulayıb. "Yeni Dehli yalnız milli maraqları rəhbər tutur, kommersiya məqsədəuyğunluğuna əsaslanaraq suveren qərarlar qəbul edir. Hindistanlı dostlarımızın yanaşmalarını yenidən nəzərdən keçirdiyinə inanmaq üçün heç bir səbəbimiz yoxdur", - deyə o qeyd edib.
Zaxarova vurğulayıb ki, Hindistanın Rusiya karbohidrogenlərini alması hər iki ölkə üçün faydalıdır və beynəlxalq enerji bazarında sabitliyin qorunmasına töhfə verir.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Yeni Dehlidən Rusiya neftinin tədarükündən imtina etməsi ilə bağlı heç bir mesaj almadığını bildirib. O, həmçinin qeyd edib ki, Moskva ABŞ-Hindistan ikitərəfli münasibətlərinə hörmətlə yanaşır və Trampın açıqlamalarını diqqətlə izləyir.

















