Bu il oktyabr ayında dönər üçün lazım olan ətin yalnız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tələb etdiyi kəsim məntəqələrindən alınmalı olduğuna dair qayda qüvvəyə mindi. Bu addımın insanların zəhərlənməsinin qarşısını almaq məqsədi ilə atıldığı deyilir.
Bu qərar dönərdən zəhərlənmələrin, eləcə də murdar ətin bazara dönər sənayesi vasitəsilə girməsinin qarşısını alıbmı? Bazarda yenilik adına nə var?
Globalinfo.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov deyib ki, AQTA dünya standartlarına cavab verən, inventorla təchiz olunmuş, xüsusi təlim keçmiş personalı olan və ət kəsim məntəqələrində çalışan insanların hər 6 aydan bir həkim müayinəsindən keçməsini, ətin düzgün şərtlər altında kəsilməsini, daşınmasını, saxlanmasını və s. nəzarətdə saxlayır:
“Dönər ətlərinin o cür yerlərdən alınması təbii ki, təqdirəlayiqdir. Çünki burada zəhərlənmə minimuma enmiş olur. Başqa mənşəyi məlum olmayan yerlərdən alınan dönər əti mikrobioloji çirklənməyə məruz qaldığı üçün kütləvi şəkildə qida zəhərlənmələri baş verə bilər”.
Mütəxəssisin sözlərinə görə, adi kəsim məntəqələrindən, mənşəyi məlum olmayan yerlərdən alınan ətlərdə qida zəncirində qırılma baş verir:
“Məsələn, bu qırılma daşınmada, kəsim zamanı, emalda ola bilər. Burada temperaturlar da böyük rol oynayır. Əgər daşınmada temperatur yuxarı olarsa, ət yüksək istilikdə emal olunarsa, sıradan bir kəsim məntəqəsində kəsilərsə, hava və damcı yolu ilə gələn bakteriyalara qarşı açıq olarsa o zaman qida zəhərlənmələri baş verə bilər. Amma əsas tələb riskli məhsulların, yəni qırmızı ətin və ya toyuğun düzgün şərtlər altında mühafizə olunmasıdır ki, buna da bəzən sıradan olan kəsim məntəqələri riayət etmirlər”.