İslam dini tərəqqi və rifah yönündə hər hansı yeniliyin, o cümlədən süni intellektin də əleyhinə deyil.
1xeber.media xəbər verir ki,bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə QMİ Qazılar Şurasının iclasında deyib.
O xatırladıb ki, Prezident İlham Əliyev bu yaxınlarda bu aktual məsələyə dair xüsusi müşavirə keçirdi, dövlət qurumlarına müvafiq tapşırıqlar verdi:
“Cəmiyyətimizi maraqlandıran bu mövzu zəmanəmizin yeni reallığıdır və din xadimləri cəmiyyəti, dindarları bu istiqamətdə maarifləndirmə işində kənarda qalmamalıdırlar.
İslam elm və maarifi təşviq edən mütərəqqi dindir. Hər bir texnoloji yenilik bəşər övladının nəfinə, onun mənfəətinə xidmət etməlidir Bu bir həqiqətdir ki, yeni informasiya texnologiyaları bizlərə əvvəlki nəsillərdən daha artıq şərait və imkanlar yaradır. Bəli, biz, din xadimləri, dindarlar da süni intellektin imkanlarından istifadə etməliyik və bu, dini baxımdan caizdir. Həyatımızın bütün sahələrinə çox böyük sürətlə nüfuz edən süni intellektdən, rəqəmsal texnologiyalardan istifadə etməyin faydaları dindarlara çatdırılmalı, onun yardımından gündəlik həyatda yararlanmanın yolları aşılanmalıdır. Mühüm olan həddin aşılmaması, hər bir məsələdə olduğu kimi, texnologiyadan da etik çərçivədə istifadədir”.
azerbaycan24.com
Allahşükür Paşazadənin fikrincə, dini biliklərin təbliği və mənəvi dəyərlərin qorunması müstəvisində dinimizin yanaşması belə olmalıdır ki, süni intellekt hədis və təfsir tədqiqatlarını asanlaşdıra bilər, böyük həcmli məlumatları toplayıb emal edə bilər, lakin İslami dəyərlərin süni intellektə inteqrasiyası zamanı Allahla bəndəsi arasında olan ibadət azadlığına xələl gəlməməlidir:
“Və ən əsası, İslami dəyərlərin məğzi dəyişdirilməməlidir. Namaz, dua və dini ayinləri heç nə əvəz edə bilməz. Biz din xadimləri insanlara bu həqiqəti çatdırmalıyıq ki, süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz. Suni intellektin elm, təhsil, texnika, tibb, xidmət, istehsal və s. sahələrdə olduqca böyük imkanları vardır və bəşər övladı bu imkanlardan yararlanmaqdadır və bu caizdir.
Suni intellekt insanlığın bugünədək topladığı elmi bilik və təcrübələri bir araya gətirərək onu yüksək sürətlə analiz edərək xidmətimizdədir. Bu, əməkdaşlıq, yaradıcılıq və insan təcrübəsinin müxtəlifliyini dəyərləndirən əxlaqi düşüncənin bir sahəsi olmalıdır”.

















