Martın 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
1xeber.media İrakli Kobaxidze İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyərək, Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Gürcüstanın Baş naziri hücum nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə İrakli Kobaxidzeyə minnətdarlığını ifadə edib.
Telefon söhbəti əsnasında Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlığının perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
*** 21:06
Martın 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
1xeber.media xəbər verir ki, Şavkat Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı baş vermiş hadisə ilə bağlı məlumat verərək, hazırda vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.
Telefon söhbəti əsnasında Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub.
Hər iki dövlət başçısı Azərbaycanın və Özbəkistanın bundan sonra da daim bir-birini dəstəkləyəcəyini bir daha təsdiq ediblər.
*** 20:00
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
1xeber.media xəbər verir ki, telefon danışığı zamanı Latviya Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini bildirib. Edqars Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb, hücum nəticəsində yaralananların tezliklə şəfa tapmalarını diləyib.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə Latviyanın dövlət başçısına təşəkkürünü bildirib.
Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, gələcək təmaslar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
*** 18:55
Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
1xeber.media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləyib.
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İranın ölkəsinə raket hücumları zamanı dövlətimizin başçısı tərəfindən BƏƏ-yə göstərilən dəstəyə və bu hücumu qınayan mövqeyinə görə bir daha minnətdarlığını bildirib.
Dövlətimizin başçısı telefon zənginə görə Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkür edib.
Prezident İlham Əliyev İranın BƏƏ-yə raketlərlə və pilotsuz uçuş aparatları ilə hücumlarını bir daha pisləyib və fevralın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə telefon danışığında qeyd etdiyi kimi, ölkəmizin BƏƏ-nin yanında olduğunu vurğulayıb.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.















