Goranboy rayonunun Hazırəhmədli kəndində Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Yel çərşənbəsi şəhid ailələri və kənd sakinləri ilə birlikdə qeyd olunub.
1xeber.media xəbər verir ki, tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək tədbir iştirakçılarını xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edib, onlara möhkəm can sağlığı, bol ruzi və ölkəmizə sülh-əmin-amanlıq arzulayıb.
Şəhid ailələri və kənd sakinləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, belə əlamətdar günlərdə yad edilmələri onlar üçün böyük mənəvi dəstəkdir.
Tədbir çərçivəsində rayonun mədəniyyət işçiləri və incəsənət ustalarının ifasında bayram proqramı təqdim olunub, folklor nümunələri səsləndirilib, milli mətbəximizi və qədim adət-ənənələrimizi əks etdirən səhnələr nümayiş etdirilib. Sonda bayram tonqalı yandırılıb.















