İsrail husilərə qarşı mübarizə üçün Somalilenddə hərbi baza yaratmaq imkanını nəzərdən keçirir.
1xeber.media xəbər verir ki,bu barədə Bloomberg nəşri müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Qırmızı dəniz sahilində yerləşə biləcək potensial baza İsrailə kəşfiyyat məlumatlarının toplanmasını gücləndirməyə və husilərə qarşı əməliyyatlar aparmağa imkan verə bilər.
Bundan əlavə, regionda mövcudluq İsrailə dünya ticarətinin əsas dəniz marşrutlarından birinə nəzarəti gücləndirmək imkanı verə bilər.
Somalilend Yəmənin qarşısında, strateji əhəmiyyətə malik Bab əl-Məndəb boğazının yaxınlığında yerləşir. Avropa ilə Asiya arasında daşınan yüklərin əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir.
Husilərin nəzarət etdiyi ərazilərə yaxınlığı səbəbindən region hərbi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bildirilir ki, tərəflər arasında müzakirələr hələ ilkin mərhələdədir. Mümkün razılaşma kəşfiyyat obyektlərinin və hərbi əməliyyatlar üçün infrastrukturun yerləşdirilməsini əhatə edə bilər.
İsrail və Somalilend rəsmiləri mümkün əməkdaşlıqla bağlı detalları rəsmi şəkildə şərh etməyiblər.

















