Bakı artıq on üçüncü dəfədir ki, XIII Qlobal Foruma ev sahibliyi edir. Budəfəki forumda
da beynəlxalq siyasi mövzular müzakirə olunur. Bu platformada səslənən fikirlər bir daha
göstərdi ki, müasir dünya yeni geosiyasi mərhələyə qədəm qoyur. Son illərdə geosiyasi
gərginliklər, regional münaqişələr və rəqabətin daha da dərinləşdiyi bir vaxtda fikir ayrılıqları
gərginliyi bir qədər də artırır.
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda
keçirilən forumda Azərbaycan Prezidenti İlham Əliyev açılış nitqi ilə çıxış edərək qlobal
təhlükəsizlik, enerji sabitliyi, regional sülh və beynəlxalq əməkdaşlıqla bağlı mühüm mesajlar
verdi. Dövlət başçımız çıxışında müasir beynəlxalq sistemin ciddi transformasiya
mərhələsindən keçdiyini də vurğuladı.
Bu kontekstdə cənab Prezident qeyd etdi ki, beynəlxalq münasibətlər sistemində
parçalanma və qarşıdurmaların artdığı bir vaxtda dialoq və əməkdaşlıq platformalarının rolu
daha da yüksəlir. Qlobal Bakı Forumu məhz belə bir platforma kimi müxtəlif ölkələrin siyasi
liderlərini və ekspertlərini bir araya gətirərək fikir ayrılıqlarının aradan qaldırılmasına xidmət
edir. Bu fakt Azərbaycanın həm regional aktor, həm də qlobal diplomatik platforma rolunu
gücləndirdiyini göstərir.
Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, hazırkı beynəlxalq şəraitdə hər bir
dövlət üçün təhlükəsizlik və sabitlik əsas prioritet olmalıdır. Belə ki, qlobal təhlükəsizlik
sistemində balansın pozulması həm regionlarda münaqişələri artırır, həm də iqtisadi sabitliyi
təhlükə altına salır. Bu səbəbdən dövlətlər qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı hörmət
prinsipinə əsaslanan siyasət yürütməlidirlər.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi enerji bazarındakı qeyri-
sabit vəziyyəti də diqqətdə saxlayır. Dövlət başçımız da bildirdi ki, neft və qaz qiymətlərində
kəskin artım yalnız istehlakçılar deyil, istehsalçılar üçün də problemlər yaradır və qlobal
iqtisadi sabitliyi sarsıdır.
Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda sülh prosesinə də toxundu. O bildirdi
ki, Azərbaycan Ermənistanla yekun sülh sazişinin imzalanmasında maraqlıdır və belə bir
razılaşma regionda yeni iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan verə
bilər.
Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, sülh əldə olunarsa, regionda yeni nəqliyyat
marşrutları formalaşa və Ermənistan da ilk dəfə tranzit ölkə statusu qazana bilər. Bu, Cənubi
Qafqazda postmünaqişə dövrünün əsas strateji istiqamətlərindən biridir.
Ümumiyyətlə, XIII Bakı Qlobal Forumunda aparılan müzakirələr, səslənən bəyanatlar
onu deməyə əsas verir ki, bu gün qlobal təhlükəsizlik və sabitliyin qorunması prioritet olaraq
qalır. Həmçinin regional əməkdaşlıq və sülh iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir.
Bakıdan səslənən mesajlar isə bir daha Azərbaycanın qlobal siyasi proseslərdə fəal mövqe
tutduğunu və beynəlxalq dialoqun təşviqinə töhfə verdiyini təsdiqləyir.
Məstalı Nuriyev,
67 saylı Sabirabad Dairə Seçki Komissiyasının sədri















