Azərbaycan regionun iqtisadi gücü kimi təkcə Avropaya uzanan enerji körpüsü rolunu
oynamır. Eyni zamanda müxtəlif münaqişələrin və qlobal problemlərin müzakirə edildiyi, həlli
yollarının araşdırıldığı, mədəni müxtəlifliyin qorunmasına töhfə verən mühüm ölkə kimi çıxış
edir. Bakı uzun illərdir humanizm və dialoq ideyalarını təşviq edərək beynəlxalq əməkdaşlığın
inkişafına dəstək verir. Bu baxımdan bəşəriyyət üçün əhəmiyyətli məsələlərin müzakirə
olunduğu qlobal forumların Bakıda keçirilməsi təsadüfi deyil.
Azərbaycan müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirərək qarşılıqlı anlaşma,
sülh və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən nadir məkan kimi yenidən
dünyanın diqqət mərkəzinə düşdü. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumu bu dəfə keçid
dövründə olan dünyada mövcud fikir ayrılıqlarının aradan qaldırılması və qlobal dialoqun
gücləndirilməsi məqsədinə xidmət edirdi. Zorakılıq, təhdidlər, münaqişələr, fikir ayrılıqları və
humanitar böhranların yaşandığı bir dövrdə Bakı Forumu dialoq və birgə fəaliyyət üçün
əvəzolunmaz platforma kimi özünü bir daha təsdiqlədi. Dünyanın müxtəlif regionlarından
gəlmiş siyasətçilər, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri
və ekspertlər qlobal problemlərin müzakirəsi, ortaq həll yollarının tapılması və əməkdaşlığın
genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardılar.
Forumda çıxış edən dövlət başçısı sülh və beynəlxalq əməkdaşlıq məsələlərinə
toxunaraq bildirdi ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman əsas məsələlərdən biri
olub və ölkə uzun illər ərzində sülhün və sabitliyin təmin olunmasına xüsusi diqqət yetirib.
Regionda sülh mühitinin formalaşması əməkdaşlıq və qarşılıqlı anlaşma üçün yeni imkanlar
yaradır.
Dövlət başçısı qeyd etdi ki, sülh və sabitliyin təmin olunması güclü siyasi iradə, qarşılıqlı
hörmət və dialoq nəticəsində mümkün olur. Bu baxımdan iki ölkə arasında münasibətlərin
normallaşması regionda uzunmüddətli sabitliyin qurulmasına töhfə verir. Sülhün real həyatda
təmin olunması isə regionda təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət
edir. Bununla yanaşı Prezident enerji təhlükəsizliyi məsələsinə də toxunaraq bildirdi ki, bu
sahə artıq ölkələrin milli təhlükəsizliyinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan neft,
qaz, elektrik enerjisi və digər enerji məhsullarının istehsalı və ixracı ilə beynəlxalq enerji
bazarında etibarlı tərəfdaş kimi çıxış edir və bir çox ölkələrin enerji təminatına töhfə verir.
Eləcə də nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan
dövlət başçısı qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində
mühüm rol oynayır və bu istiqamətdə böyük infrastruktur layihələri həyata keçirilib. Bu
layihələr region ölkələri arasında iqtisadi əlaqələrin güclənməsinə və tranzit imkanlarının
artmasına xidmət edir.
Beləliklə, qlobal problemlərin həlli yollarını araşdıran beyin mərkəzləri üçün Bakı
Forumu yaddaqalan və alternativ platforma rolunu oynadı. Bakı bir daha beynəlxalq səviyyəli
tədbirlərə ev sahibliyi edərək dünyada sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində açıq
və məhsuldar müzakirələrin mərkəzinə çevrildi. Sirr deyil ki, Forum konkret əməkdaşlıq
layihələrinin və uzunmüddətli strateji təşəbbüslərin başlanğıcı kimi dünyanın xilası üçün
ümidverici nümunə yaradır. Bu nümunənin müəllifi isə Azərbaycan lideridir və regional, eləcə
də qlobal səviyyədə sülhün təşviqinə töhfəsini verir.
Cavid Rəcəbli,
ƏƏSMN yanında DSMF Sabirabad rayon şöbəsinin müdiri















