"Pink Floyd" qrupunun lideri Devid Gilmora məxsus gitara "Christie's" hərrac evində 14,55 milyon dollara satılıb.
1xeber.media xəbər verir ki, Bu barədə "The New York Times" nəşri məlumat yayıb. Alət indiyə qədər hərraca çıxarılan ən bahalı gitara kimi rekord qırıb.
Məlumata görə, musiqiçi 1970-ci ildə "Fender" şirkətinin "Fender Stratocaster" model gitarasını "Manny's Music" mağazasından alıb. Bu gitara 1972–1983-cü illər arasında qrupun bir çox konsertlərində istifadə olunub və "Pink Floyd"un altı albomunun yazılışında yer alıb.
Gitara bir müddət amerikalı sahibkar Cim İrsayın kolleksiyasında saxlanılıb. O, aləti 2019-cu ildə təxminən 5 milyon dollardan bir qədər artıq qiymətə almışdı.
Qeyd edək ki, bundan əvvəl hərracda satılmış ən bahalı gitara Kurt Kobeynə məxsus "Martin D-18E" modeli idi. "Nirvana" qrupunun solistinə aid həmin gitara 6,01 milyon dollara satılmışdı.
















