Əfqanıstan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyənin tələbi ilə Pakistana qarşı hərbi əməliyyatları müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
1xeber.media xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid sosial media platforması X-də məlumat verib.
"Əfqanıstan İslam Əmirliyinin Təhlükəsizlik və Müdafiə Qüvvələri qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar olaraq "ədalətsizliyə qarşı mübarizə" üçün müdafiə əməliyyatlarının müvəqqəti olaraq dayandırıldığını elan edir", - deyə paylaşımda bildirilir.
Fevralın sonlarında Pakistanın müdafiə naziri Xavaca Asif Əfqanıstanla açıq qarşıdurmanın başladığını elan etdi. O, ölkəni təcavüzkarlıqda günahlandırdı və Pakistanın səbrinin tükəndiyini və açıq qarşıdurmanın vaxtının çatdığını qeyd etdi.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Əfqanıstan-Pakistan münaqişəsinin regiona mənfi təsir göstərəcəyini və Moskvanın onun tez bir zamanda bitməsinə ümid etdiyini bildirdi.

















