Bayram yarmarkalarında ərzaq məhsullarının qiymətlərinin həqiqətən də bazar və marketlərlə müqayisədə daha ucuz olub-olmaması hər il müzakirə edilən əsas məsələlərdən biridir.
Bəs bu yarmarkalar alıcılar üçün real qiymət üstünlüyü yaradırmı?
1xeber.media xəbər verir ki,mövzu ilə bağlı konkret.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bayram yarmarkalarının əsas məqsədi məhsulları vasitəçilərsiz, birbaşa istehsalçıdan alıcıya çatdırmaqdır.
“Bu səbəbdən nəzəri cəhətdən qiymətlərin daha ucuz olması gözlənilir. Əvvəlki illərdə bəzi məhsullar həqiqətən bazar və marketlərlə müqayisədə daha sərfəli olub.
Hazırda isə ciddi qiymət fərqinin hiss olunmaması bir sıra amillərlə bağlıdır. Belə ki, ölkədə ərzaq məhsullarının maya dəyəri artıb. Yanacaq, nəqliyyat, gübrə və digər istehsal xərclərinin yüksəlməsi istehsalçıların məhsulu əvvəlki kimi ucuz təklif etməsinə imkan vermir. Bu isə yarmarkalarla adi bazarlar arasındakı fərqi minimuma endirir”.
Akif Nəsirli əlavə edib ki, digər tərəfdən bazar və supermarketlər də rəqabət şəraitində qiymətləri müəyyən həddə aşağı saxlayır, müxtəlif endirim kampaniyaları həyata keçirirlər.
“Nəticədə qiymətlər bir-birinə yaxınlaşır. Bəzi hallarda isə yarmarkalarda vasitəçilərin tam aradan qalxmaması da qiymət üstünlüyünü zəiflədir.
Bayram ərəfəsində tələbin artması da qiymətlərin yüksəlməsinə təsir göstərir. Bu səbəbdən yarmarkalar belə tam ucuzluq təqdim edə bilmir, yalnız bəzi məhsullar üzrə cüzi fərqlər müşahidə olunur”.
Nəticə etibarilə, iqtisadçı vurğulayıb ki, nəzəri baxımdan yarmarkalar daha sərfəli olmalıdır. Lakin mövcud iqtisadi şəraitdə və xərclərin artması fonunda bazar və marketlərlə qiymət fərqi ya çox azdır, ya da bəzi hallarda ümumiyyətlə hiss olunmur.

















