Türkiyədə Böyük Millət Məclisi vəkilinin (deputatın) maaşı minimum əmək haqqından cəmi 6–8 dəfə, Azərbaycanda isə bir deputatın maaşı minimum əmək haqqından 26 dəfə çoxdur.
Bəli, 85 milyon əhalisi olan Türkiyə millət vəkilinin maaşı ölkə vətəndaşlarının minimum əmək haqqından cəmisi 6-8 dəfə fərqlənirsə, bu fərq əhalisinin sayı cəmi 10 milyon olan Azərbaycanda kosmik həddədir!
Rəsmi qaynaqlara görə, Hollandiyada bir eşşəyin aylıq xərci bizim pulla 400 manatdan 1000 manata qədərdir.
İndi mənim bir elmlər doktoru, baş elmi işçi kimi ailəmi dolandırmaq üçün aldığım maaş dərəcə, elmi ad və s. ilə bilrlikdə 750 manatdırsa və heç bir dövlət qayğısı yoxdursa, necə yaşamalıyam ki?! Əlbəttə, 22 kvadrat metrlik dar, şəraitsiz, kifli bir yataqxana otağında, işləmək üçün onun bunun kirayəsində, yarıac-yatrıtox Əzrailin yolunu gözləməklə, vaxtsız ölümə razı olmaqla...
Deyirlər, sən uşaqlarına gün ağlamadın. Nə edim, oğurluq edim, fırıldaqla, qanunsuz yollarla pul qazanım?! Ya deyim ki, məsələn, AMEA prezidentinin şöbə müdiri 3 milyonu birnəfəsə yeyib əllərini-qollarını sallayıb gəzirsə, mən də heç olmasa 10 min, 20 min qanunsuz yolla əldə edim və deyim ki, çarə nədir, uşağımın dərmanlarını alırdım, ya kirayə verirdim?! Məsələyə bu cür yanaşan axmaq beyinlər də var. Cinayətə vərdiş etmişlərin beyin arxitekturası isə bambaşqadır və təəssüf ki, bəzən Qnun da bu arxtektura qarşısında səcdə etdirilir!
Xəstə halımla sutkanın 12 saatını işləyirəm, dərman pulunu gah çıxarıram, gah borc edirəm, gah da hərdənbir xeyirxah şəxslər alıb verir. 3 milyon, 10 milyon, yaxud 2 milyon oğurlayanlarla ya əlbir olub başqalarının körpələrinin haqqını yeməli, qanını içməlisən, ya da əziyyətli yolu seçib özünün də , ailə üzvünün də ölümlə üz-üzə qalması ilə razılaşıb deməlisən ki, onsuz da gec-tez hamı öləcək. Bəli, hamı öləcək, ancaq xəstə təfəkkürlü, bulanıq ruhlu o zatların milyonları bu həqir dünyada qalacaq.
Nə qədər acı olsa da, Azərbaycan reallığı budur. Qaranlıq bir sabaha aparan çox pis bir reallıq!
Nə qədər ki, haqsızlıq, ədalətsizlik və bərabərsizlik hökm sürür, gözümüz Hollandiya vətəndaşlığı olan hörmətli eşşəkdə qalacaq..
Müəllif: İdris Abbasov (Dilçi alim)

















