Qüdsdə toplanmış məlumata görə, onun yaxın çevrəsi son iki gün ərzində hərbi mövzularda yazan israilli jurnalistlərlə çoxsaylı görüşlər keçirib.
Məqsəd nədir? İsrailin xarici kəşfiyyatının beynəlxalq mediada tənqidçiləri tərəfindən irəli sürülən narrativə qarşı çıxmaq.
Qalmaqal martın 22-də New York Times-da dərc olunan məqalədən sonra alovlanıb.
Qəzet, xüsusilə də İsrail Ordusunun (SAXAL) operativ rəhbərliyinə istinadla bildirirdi ki, Mossad hələ İranda müharibə başlamazdan əvvəl Tehrandakı rejimin qısa müddətdə devrilməsi ehtimalını qiymətləndirib.
Nəşr yazıb ki, 2026-cı ilin yanvarında israilli rəsmilər, o cümlədən Mossad nümayəndələri ilə CIA direktoru Con Retkliff, həmçinin Lenqli və Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli əməkdaşları arasında görüş keçirilib.
Həmin görüşün məqsədi rejimin devrilməsi üçün zəruri addımların qiymətləndirilməsi olub.
İranda yerləşdirilmiş yüzlərlə zabitin təhlükəsizliyini təmin etmək üçün David Barnea bu vaxta qədər müharibə boyu qurumunun önə çəkilməsindən yayınırdı.
Bu mövqe Hərbi Hava Qüvvələrinin, hərbi kəşfiyyatın və operativ komandanlığın yanaşması ilə ziddiyyət təşkil edirdi.
Lakin indi Mossad rəhbəri reaksiya verir.
Onun tərəfdarlarının sözlərinə görə, xarici kəşfiyyat həqiqətən də genişmiqyaslı strateji sxem hazırlayıb, lakin bu sxem İran cəmiyyətində zəncirvari reaksiya doğura biləcək konkret şərtlərdən asılı olub.
İdeya ondan ibarət idi ki, cəmiyyətin geniş təbəqələri Tehrandakı repressiv rejimə etiraz olaraq iri şəhərlərin küçələrinə çıxsın.
Qeyd olunur ki, Mossad bu ssenarinin yalnız müharibədən sonrakı dövr üçün nəzərdə tutulduğunu vurğulayıb.
Yəni ictimai rəy ABŞ və İsrail Hərbi Hava Qüvvələrinin vurduğu zərər və dağıntıların miqyasını dərk etdikdən sonra.
Üstəlik, bu plan sürətli və qəti cavab variantı kimi yox, bir il ərzində mərhələli şəkildə həyata keçirilməli idi.
İsrailin təhlükəsizlik aparatında artan gərginlik baş nazir Netanyahu üçün sərfəli ola bilər.
Bu, şübhəsiz ki, müharibə qarşıya qoyulan məqsədlərə çatmadan başa çatarsa, xüsusən də İranın nüvə və raket potensialı ləğv edilməzsə, Netanyahuya kəşfiyyat rəhbərləri tərəfindən yanlış istiqamətləndirildiyini demək üçün əlverişli bəhanə verəcək.

















