31 Mart – Azərbaycanlıların Soyqırımı Günü vəhşi və barbar erməni qruplaşmalarının
irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və
soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür. Tarix
boyu azərbaycanlıların doğma torpaqlarından etnik təmizlənməsinin həyata keçirilməsi
istiqamətində mövcud bütün üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel
aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər. Bakı, Şamaxı, Quba, Qarabağ,
Zəngəzur, Naxçıvan, Lənkəran, habelə digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı
xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri, dini-mədəni abidələr dağıdılıb.
Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə
yetirilib, 167 kənd məhv edilib.
Mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar, qətliam qurbanlarının Quba rayonu
ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlığı, Qafqazın Fövqəladə Komissarı,
milliyyətcə erməni olan Stepan Şaumyanın sözügedən qətliamlarda Bakı Sovetinin 6000 və
“Daşnaksutyun” partiyasının 4000 silahlı əsgərinin iştirakına dair etirafı, yerlə-yeksan edilmiş
yaşayış məntəqələri və mədəniyyət abidələri qırğınların əsl mahiyyətini üzə çıxarıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra mart hadisələrinin tədqiq
edilməsi, habelə cinayətkarların məsuliyyətə cəlb olunması üçün Fövqəladə İstintaq
Komissiyası yaradılıb, Komissiyanın müəyyən etdiyi dəlillər əsasında törədilən cinayətlərə
görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb, Bakıda 24 və Şamaxıda təxminən
100 nəfər həbs olunub. Lakin AXC-nin süqutu, baş verən hadisələrin tam şəkildə
araşdırılmasının, habelə mart qırğınlarına siyasi-hüquqi qiymətin verilməsi prosesini yarımçıq
qoydu.
Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyevin
“Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə hadisələrə
adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Ermənistanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası, bu ölkənin
Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə törədilən etnik təmizləmə və soyqırımı
cinayətləri, 44 günlük Vətən müharibəsində hərbi əməliyyatların getdiyi ərazilərdən kənarda
məskunlaşan mülki əhaliyə qarşı müharibə cinayətləri azərbaycanlılara qarşı sistematik etnik
nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərdi.
Tarixdən dərs çıxarılması, bu kimi qanlı hadisələrin bir daha baş verməsinin qarşısının
alınması, cinayətkarların cəzasızlığına son qoyulması hazırkı postmünaqişə dövründə
bölgədə sülh üçün yaranmış imkanların dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Bu istiqamətdə, Ermənistanda yenidən revanşizmin baş qaldırmasına yol verilməməsi bu
ölkənin rəhbərliyi ilə yanaşı, beynəlxalq ictimaiyyətdən əhəmiyyətli dərəcədə asılıdır.
Bəli, xalqımız hər il 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və
soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla
yad edir. Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə
dövlətimiz dünya miqyasında bu soyqırımının tanıdılması istiqamətində geniş həcmli işlər
həyata keçirirlər.
Pəhlivan Qarayev,
Sabirabad rayonu, Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbinin
direktoru

















