"İranda hakimiyyət hərbi xidmət yaşını 12-yə endirib və artıq uşaqları orduya toplayır" marazmının əsli ortaya çıxıb.
1xeber.media xəbər verir ki,mətbuatın istinad etdiyi Rəhim Nadəli həqiqətən mövcuddur - o, Böyük Tehran üzrə SEPAH-ın mədəniyyət və incəsənət idarəsinin rəis müavinidir.
İranın Fars agentliyinin məlumatına görə, Nadəli müdafiə, dəstək və yardım sahəsində vətəndaşların müxtəlif bacarıqlarının cəlb edilməsi və ictimai yardımın təşkili üçün genişmiqyaslı kampaniyanın başladığını elan edib:
12 və daha yuxarı yaşda olan könüllülər qəbul edilir;
kampaniya müxtəlif istiqamətləri əhatə edir, o cümlədən:
yemək hazırlanması, döyüşçülər üçün ilkin tələbat mallarının paylanması;
düşmən hücumları nəticəsində zərər görmüş evlərə qulluq edilməsi;
klinikalarda çalışmaq və yaralılara kömək etmək üçün həkim və tibb bacılarının çağırılması;
şəhər boyu avtomobil karvanlarının təşkili;
operativ patrul xidmətində iştirak və s.
Məhz bu məlumat “SEPAH çağırış yaşını aşağı salıb və indi 12 yaşlı uşaqları orduya yığır” şəklində təqdim edilir və silahlı, formalı, üzübağlı insanların fotoları ilə müşayiət olunur.
“Hərbi xidmət yaşının endirilməsi” ilə arxa cəbhə vəzifələrinin könüllü icrasının necə əlaqəli olduğu, 12 yaşlılar ordusunun kimə lazım olduğu və 92 milyon əhalisi olan İranın normal yetkin hərbçilərinin kifayət edib-etmədiyi sualları isə ritorik xarakter daşıyır.

















