Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun onlarla əməkdaşının qanunsuz şəkildə işdən çıxarıldığı bildirilir.
Şikayətçilərin “Gündəlik Naxçıvan”a dediklərinə görə, onları ya aldadaraq, ya da təzyiq göstərərək müddətli müqaviləyə keçirib, daha sonra işdən uzaqlaşdırıblar.
Onların sözlərinə görə, institutda işçilərə qarşı təzyiq göstərilir, “struktur dəyişikliyi” adı ilə əməkdaşlar sıxışdırılır və işdən uzaqlaşdırılır:
“Bizə açıq şəkildə deyirlər ki, ərizə yazıb müddətli müqaviləyə keçin, əks halda işdən çıxarılacaqsınız. Bu, sadəcə seçim deyil, birbaşa təzyiqdir. İnsanları qorxu altında saxlayırlar ki, razılaşsınlar. Bu cür yanaşma əmək hüquqlarımıza ziddir və bizi tam güvənsiz vəziyyətdə qoyur.”
Əməkdaşlar deyir ki, bəzi işçilər heç bir əsas göstərilmədən artıq işdən çıxarılıb:
“Əməkdaşları heç bir səbəb demədən işdən azad ediblər. Onlara nə konkret ittiham irəli sürülüb, nə də əvvəlcədən xəbərdarlıq edilib. Üstəlik, özlərini müdafiə etmək üçün heç bir imkan verilməyib. Bu cür yanaşma açıq şəkildə haqsızlıqdır və işçilərə qarşı hörmətsizlikdir. Məhkəmə həmin işçilərdən birinin işdən çıxarılmasını qanunsuz sayıb və qərar verib. Amma buna baxmayaraq, qərarı icra etmirlər, prosesi qəsdən uzadırlar. İşçi hələ də işinə bərpa olunmayıb. Əksinə, işi daha da uzatmaq üçün apellyasiya şikayəti veriblər.”
Onlar hesab edirlər ki, “struktur dəyişikliyi” sadəcə bəhanədir:
“Bizim gördüyümüz odur ki, bu dəyişikliklərin məqsədi sistemi yaxşılaşdırmaq deyil. Əsas məqsəd istənilməyən işçiləri uzaqlaşdırmaqdır. Artıq bir neçə nəfəri bu yolla işdən çıxarıblar. Bu proses planlı şəkildə aparılır və getdikcə daha çox əməkdaşı əhatə edir.”
Şikayətçilərin bildirdiyinə görə, baş verən bütün bu proseslər qurumun tabe olduğu Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi tərəfindən koordinasiya olunur.

















