Aliment və borc işləri üzrə vəsaitləri mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
1xeber.media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

















