Şabran rayonunda fəaliyyət göstərən hotellərdən birinin fəaliyyəti Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılıb.
1xeber.media bildirir ki, Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən rayonun Rəhimli kəndində yerləşən “Bağçalı” otelində aparılan yoxlama zamanı ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb. Yoxlama nəticəsində müəyyən olunub ki, obyekt mövcud norma və qaydalara əməl etmir və bu hal insanların təhlükəsizliyi üçün risk yaradır.
Aşkarlanan nöqsanlar nəzərə alınaraq, “Bağçalı” otelinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar verilib.
Qeyd edək ki, sözügedən obyekt “Qurtuluş-93” MMC-yə bağlıdır və şirkətin rəhbəri Məhərrəm Novruzova aid edilir. Həmin sahibkarın bölgədə digər biznes fəaliyyətləri də mövcud olduğu iddia edilir.
Həmçinin “Bağçalı evlər” adı altında kənd təsərrüfatı layihələri həyata keçirilir. Bu layihələr çərçivəsində Rəhimli kəndində istixanalar da qurulub.
Məlumatlara görə, sahibkara məxsus digər obyektlər sırasında turizm və ictimai iaşə sahəsində fəaliyyət göstərən “MY BEACH” hotel və restoran kompleksi də yer alır.
Xatırladaq ki, bir neçə il əvvəl sahibkarın ailə üzvlərindən biri ilə bağlı ağır yol-nəqliyyat hadisəsi də ictimai müzakirələrə səbəb olmuşdu. Belə ki, 2021-ci ildə baş verən qəza nəticəsində bir neçə nəfər həyatını itirmişdi. Hadisə ilə bağlı yayılan məlumatlarda sürücünün sərxoş olduğu iddia edilirdi.
Nöqsanlar səbəbindən fəaliyyəti dayandırılan “Bağçalı” otel “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzova məxsusdur. Xatırladaq ki, 2021-ci ildə Məhərrəm Novruzovun kürəkəni Kərbalayev Elşad Məhərrəm oğlu öz lüks avtomobili ilə qəza törədərək 4 nəfərin ölümünə səbəb olmuşdu. Məlumata görə, iş adamının kürəkəni hadisəni törədərkən sərxoş olub.

















