Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə “StartUP və karyera imkanları” mövzusunda “LevelUP” forumu keçirilib.
1xeber.media-nın bölgə müxbiri xəbər verir ki, forumun açılışında Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova və ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov ölkədə gənclərin inkişafına göstərilən diqqət və qayğının, onların təhsil və karyera imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin gənclərin gələcək inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.
Panel müzakirələrdə isə müxtəlif sahələri təmsil edən mütəxəssislər tərəfindən gələcəyin peşələri və texnologiya sahəsində yaranan imkanlar, karyera quruculuğu, motivasiya və liderlik bacarıqları, şəxsi potensialın düzgün müəyyənləşdirilməsi, eləcə də startap ekosistemində ideyaların formalaşmasından reallaşmasına qədər olan proseslər barədə praktik və maraqlı çıxışlar təqdim olunub.
Forum daha sonra iştirakçıların sualları və fikir mübadiləsi ilə davam edib.
Qeyd edək ki, “LevelUP” layihəsinin əsas məqsədi gənclərin karyera və təhsil imkanlarını genişləndirmək, onların dövlət və özəl sektorla əlaqələrini gücləndirmək, həmçinin peşəkar təcrübə və bilik mübadiləsinə şərait yaratmaqdır.

















