Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri ilk baxışda adi diplomatik səfər kimi görünə bilər. Lakin bu səfəri diqqətlə təhlil etdikdə aydın olur ki, söhbət yalnız iki ölkə arasında münasibətlərin inkişafından getmir. Bu, daha geniş mənada dəyişən dünya düzənində yeni əməkdaşlıq modelinin formalaşmasından xəbər verir.
Bu sözləri 1xeber.media-ya açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva bildirib.
O deyib: “Bakıda keçirilən görüşlərdə Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq xarici siyasətdə ənənəvi yanaşmalarla kifayətlənmir. Prioritetlər dəyişib, konkret layihələr ön plana çıxır. Bu isə münasibətləri formal çərçivədən çıxarıb strateji məzmuna çevirir.
Coğrafi baxımdan Baltik regionu ilə Cənubi Qafqaz arasında məsafə böyükdür. Lakin müasir dünyada məsafə artıq əsas meyar deyil. Əsas məsələ maraqların kəsişməsidir".
Professorun sözlərinə görə, Latviya rəqəmsal idarəetmə, innovasiya və çevik dövlət mexanizmləri ilə Avropada seçilən ölkələrdəndir. Azərbaycan isə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik baxımından strateji əhəmiyyətə malikdir. Bu fərqlilik ziddiyyət deyil, əksinə tamamlayıcılıq yaradır.
Beləliklə, Bakı ilə Riqa arasında formalaşan əlaqələr yüksəksəviyyəli tərəfdaşlıq kimi qiymətləndirilə bilər. Bu model həm dayanıqlı, həm də perspektivlidir və müəyyən mənada tarixdən gələn məntiqin yeni formada davamıdır.
"Prezident İlham Əliyevin çıxışlarında vurğulanan əsas məqam ondan ibarətdir ki, əməkdaşlıq yalnız qarşılıqlı fayda gətirdiyi halda davamlı olur. Bu yanaşma dövlətlərarası münasibətləri emosional müstəvidən çıxararaq rasional əsaslara söykəyir. Latviya ilə münasibətlər də məhz bu prinsiplər üzərində qurulur.
Bu günlərdə Şuşada keçirilmiş Azərbaycan–Latviya Birgə Hökumətlərarası Komissiyasının iclası iqtisadi və humanitar əlaqələrin daha da dərinləşdirilməsinə təkan verən mühüm addımdır. Eyni zamanda, təşkil olunan biznes forum iki ölkə arasında qarşılıqlı sərmayələrin artırılmasına və birgə layihələrin reallaşdırılmasına əlverişli zəmin yaradır.
Latviya Prezidentinin bu səfərinin ən diqqətçəkən tərəflərindən biri də onun qısamüddətli nəticələrdən çox, uzunmüddətli perspektivə hesablanmasıdır. Məqsəd mövcud vəziyyəti, sadəcə, təsdiqləmək deyil, gələcəyin konturlarını müəyyənləşdirməkdir. Bu baxımdan, Azərbaycan aydın model təqdim edir: regional güc olmaqla yanaşı, qlobal sistemdə funksional rol oynayan dövlət kimi çıxış etmək.
Bu səfər bir daha göstərdi ki, yeni dünya düzənində uğur qazanan ölkələr yalnız gücə deyil, həm də düzgün seçilmiş tərəfdaşlara arxalanır", - deyə K.Əliyeva əlavə edib.

















