Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi ilə birgə Səbail rayonu, Şıxov çimərliyi ərazisində həvəskar balıq ovlayan şəxslərlə maarifləndirici tədbir keçirib.
1xeber.media xəbər verir ki, monitorinqlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. Onlara yol nişanı olmayan ərazilərdə və dağ yamaclarının altında avtomobillərin saxlanmasının, eləcə də piyada keçidi olmayan yerlərdən yolun keçilməsinin təhlükəli olduğu izah edilib. Bildirilib ki, bu cür hal həm sürücülər, həm də piyadaların həyatına ciddi təhlükə yaradır.
Eyni zamanda, küləkli hava şəraitində Xəzər dənizinin qayalıq sahələrində balıq ovunun həyati təhlükə yaratdığı da diqqətə çatdırılıb. Həvəskar balıqçılar üçün xüsusi ayrılmış ərazilərdə balıq tutulmasının vacibliyi qeyd olunub.
Həmçinin, vətəndaşlara Nazirlər Kabinetinin qərarına əsasən 1 may 2026-cı il tarixindən etibarən balıq ovu mövsümünün dayandırılacağı barədə də əlavə məlumat verilib.
Bu istiqamətdə maarifləndirici tədbirlər davam etdirilir.

















