Bu gün Gənclər və İdman naziri Fərid Qayıbovun ad günüdür. Onun 47 yaşı tamam olur.
Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi üzrə bakalavr, 1999-2001-ci ildə isə magistr təhsili alıb. 2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.
Fərid Qayıbovun bütün karyerası idmanla bağlıdır. O, 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib.
2005-сi ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışıb. 2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilib.
2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsində çalışıb.
2013-cü ildən Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür.
2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
Fərid Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevin 7 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə Gənclər və idman naziri təyin olunub.
47 yaşlı nazir sadəliyi ilə seçilir. O, 2022-ci ildə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşularaq işə piyada gedib-gəlirdi. Fərid Qayıbovu indi də Bakı küçələrində görmək olur. Sosoial şəbəkələrdə sadə vətəndaşlar tez-tez onunla fotolarını paylaşırlar.
Fərid Qayıbov həm də futbol azarkeşidir. O, Azərbaycan klublarının Avropada keçirdiyi oyunları yaxından izləyir. 2024-cü ildə Ağdamın “Qarabağ” klubunun Portuqaliya futbolunun ən güclülərindən olan “Braqa” üzərində 4:2 hesablı qələbə qazanması nazir ailəsini sevincə boğmuşdi. Fərid Qayıbov matçdan sonra evdə oğlanları ilə çəkdirdiyi şəkli sosial şəbəkə hesabında paylaşaraq, təmsilçimizi təbrik etmişdi. Fərid Qayıbovun həmin fotosu maraqla qarşılanmış və yüzlərlə insan tərəfindən müsbət rəy almışdı.
1xeber.media adından naziri ad günü münasibətilə təbrik edir, can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq.

















