Təhlükə potensiallı obyektlərlə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi və bu obyektlərdə risklərin minimuma endirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə əsas məqsəd insan həyatının, sağlamlığının və ətraf mühitin qorunmasını təmin etməkdir.
1xeber.media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) təşkilatçılığı ilə keçirilən texniki normativlərin təkmilləşdirilməsi üzrə dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin hüquq şöbəsinin müdiri Akif Əfəndiyev bildirib.
Onun sözlərinə görə, ölkə rəhbərliyinin tapşırıqları və müvafiq normativ-hüquqi aktlar əsasında təhlükə potensiallı obyektlərin təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılıb. Həmçinin təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin təşkili istiqamətində işlər görülüb".
O qeyd edib ki, hazırda geniş siyahı əsasında yeni normativ-hüquqi aktların hazırlanması prosesi davam edir: "Bu istiqamətdə artıq 2025-ci ildə bir sıra qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları qəbul edilib. Nəticədə ölkədə təhlükə potensiallı obyektlərlə bağlı normativ-hüquqi baza əhəmiyyətli dərəcədə formalaşdırılib, yeni siyahılar təsdiq edilib. Həmin siyahılarda dövlət üçün strateji əhəmiyyət daşıyan sahələr nəzərə alınıb, əvvəlki mərhələlərdə kənarda qalan istiqamətlər əlavə edilib və təşkilati mexanizmlər yaradılib. Eyni zamanda, bu proses fövqəladə hallar sahəsində nəzarət orqanı kimi FHN üçün də yeni imkanlar yaradıb. Nazirlik artıq özəl tərəfdaşlarla birbaşa əlaqə saxlayaraq layihələrin hazırlanması, texniki normativlərin işlənməsi və təkliflərin qəbul edilməsi istiqamətində daha çevik əməkdaşlıq həyata keçirə bilir. Ümumilikdə 11-ə yaxın normativ-hüquqi sənədin hazırlanması nəzərdə tutulub və bu istiqamətdə müzakirələr davam edir. Müvafiq siyahılar nazirlik tərəfindən hazırlanib və tərəfdaşlardan həmin istiqamətlər üzrə təşəbbüslərlə çıxış etmələri xahiş olunur. Həmçinin Koordinasiya Komissiyasının nəzdində 2026–2027-ci illər üzrə yeni təşəbbüslərin formalaşdırılması və prioritetləşdirilməsi prosesi artıq həyata keçirilir"- deyə o qeyd edib.

















