Rusiya Somalinin SSRİ tərəfindən verilmiş kreditlər üzrə 48,1 milyon dollar borcunu sildi. Müvafiq sənəd normativ hüquqi aktlar portalında dərc olunub.
1xeber.media xəbər verir ki, sənəddə bildirilir ki, 1984-cü il oktyabrın 1-dək Sovet hökumətinin Somali Demokratik Respublikasına verdiyi uzunmüddətli kreditlər üzrə yığılmış faizlərlə silinmiş məbləğ 48,1 milyon dollar təşkil edir.
Rusiya prezidenti Vladimir Putin noyabrda keçirilən Rusiya-Afrika Tərəfdaşlıq Forumunda bildirib ki, Rusiya Federasiyası ilə Afrika ölkələri arasında əlaqələrin inkişafı daha intensiv və çoxşaxəli xarakter alır. Onun sözlərinə görə, bu faktı nazirlərin konfransının məzmunlu proqramı tam təsdiq edir.
Öz növbəsində, Rusiya-Afrika formatında tədbirlərin hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin icraçı katibi Anton Kobyakov bildirib ki, Rusiya Federasiyası 2030-cu ilə qədər Afrika ilə müstəqil hesablaşma sistemi yaratmaq niyyətindədir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Afrika ölkələrinə 20 milyard dollara yaxın borcunu sildiyini bildirib.