İstanbulda Fərid Kazakov adına V Beynəlxalq Çoxjanrlı Yubiley Festivalı uğurla keçirilib. Bu festival Türkiyədə ilk dəfə təşkil olunub.
“Bütün layihələrimi yaradarkən mən ilk növbədə bizim Azərbaycan incəsənətini tərənnüm etməyi qarşıya məqsəd qoyuram”, - deyə tədbiri şərh edən tanınmış azərbaycanlı və rusiyalı rəqqas Fərid Kazakov bildirib.
1xeber.media xəbər verir ki, “Boğaziçi kültür sənət mərkəzi”nin səhnəsində baş tutan festival İstanbuldan, eləcə də Türkiyənin bölgələrindən çoxlu iştirakçı ilə yanaşı, Azərbaycan, Gürcüstan, Tacikistan, Rusiya və Fransadan olan qonaqları bir araya gətirib.
Festivalın təşkilatçısı Fərid Kazakov bildirib ki, bu tədbiri ilk dəfə qardaş ölkədə təqdim etmək təklifini almaq onun üçün çox şərəflidir.
“Festivalda türkiyəli tələbələrimlə birlikdə “Yeddi gözəl” baletindən Qara Qarayevin musiqisinə və “Məhəbbət əfsanəsi” baletindən Arif Məlikovun musiqisinə Azərbaycan tamaşaları, eləcə də Şövkət Ələkbərova, İlhamə Quliyeva və Alim Qasımovun repertuarları əsasında mahnıların müşayiəti ilə müasir nömrələr nümayiş etdirdik.
Dəvətə, həmçinin festivalın təşkilində və keçirilməsində köməyə görə Sarıyer Bələdiyyəsi və “Boğaziçi kültür sənət mərkəzi”nə təşəkkürümü bildirmək istəyirəm! “Elita Gymnastik Sport Club” və “Kazakov International Academy” birgə təşkilatçı komandalarına xüsusi təşəkkürlər”, - deyə Fərid Kazakov qeyd edib.
Festivalın hakimləri Azərbaycandan - Azərbaycan gimnastı, 2008-ci ildə keçirilmiş Pekin Olimpiya Oyunlarının finalçısı, qrup hərəkətləri üzrə dünya çempionu, bədii gimnastika üzrə Azərbaycanın idman ustası - Valeriya Yaqay; Tacikistandan - Britaniya “Bob Music Award” musiqi mükafatının laureatı, “Mir” telekanalında “Tam səslə” beynəlxalq musiqi televiziya layihəsinin qalibi, Tacikistanın mədəni həyatına verdiyi töhfəyə görə Tacikistan Prezidenti adından mükafatın laureatı - Amal Öztürk; Türkiyədən - beynəlxalq dərəcəli hakimlər, həmçinin bədii gimnastika üzrə Türkiyə milli komandasının mentorları - Cəmilə Taş və Azra Taşdır.
Fərid Kazakov - “Dünya Rəqs Olimpiadasının (World Dance Olympiad) mütləq çempionu, üç dəfə Rusiyanın ən yaxşı solisti, “Most Fashionable Awards” beynəlxalq mükafatının qalibi, “Central Asia's Got Talent” beynəlxalq istedadlar şousunun finalçısı, iki dəfə Azərbaycan milli mükafatının laureatı, “Türkiyənin ən istedadlı rəqqası” adının sahibi və “Türkiye Zirve Ödulleri” milli mükafatı laureatıdır. O, həmçinin ali kateqoriyalı müəllim, Azərbaycan və Türkiyənin Avropa Mədəniyyət Assosiasiyasında fəxri üzvü və səfiri, Bakı Xoreoqrafiya Akademiyasının və Moskva Dövlət Mədəniyyət İnstitutunun məzunu, beynəlxalq, ümumrusiya və respublika müsabiqələrinin və Qran-Prisinin çoxsaylı qalibidir. Fərid Kazakovun adı XXI əsr Azərbaycan gənclərinin görkəmli nümayəndələrindən biri kimi “Zirvədəki azərbaycanlılar” kitabına daxil edilib.