ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın, əsasən, nüvə proqramı ilə bağlı məsələləri əhatə etdiyini bildirib və bu mövzunun sənəddə ətraflı şəkildə əks olunduğunu vurğulayıb.
1xeber.media xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
O, CNN-in İranla bağlı razılaşmanın mahiyyəti barədə məlumatlarını tənqid edərək qeyd edib ki, sənəddə İranın nüvə silahına malik olmayacağı açıq şəkildə göstərilir. Trampın sözlərinə görə, razılaşmanın böyük hissəsi məhz nüvə məsələlərinə həsr olunub.
ABŞ Prezidenti bazar günü “Fox News” telekanalına müsahibəsində də Vaşinqtonun irəli sürdüyü şərtlər əsasında İranla razılaşmaya yaxınlaşdıqlarını bildirib.
“İnanıram ki, yavaş-yavaş, amma əmin addımlarla istədiyimiz nəticəni əldə edə biləcəyimiz bir mərhələyə yaxınlaşırıq”, – deyə o qeyd edib.
Tramp, eyni zamanda xəbərdarlıq edib ki, İran razılaşmanı qəbul etməsə, ABŞ hərbi variantı da nəzərdən keçirməyə hazırdır.
“Axios” portalının məlumatına görə, Tramp cümə günü Vaşinqtonda keçirilən görüşdə sazişlə bağlı yeni təkliflər irəli sürüb və xüsusilə İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı daha sərt tələblər səsləndirib.















