Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Bakı Enerji Həftəsinin açılışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mesaj göndərib.
1xeber.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Ərdoğanın müraciətini Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.
Prezident Ərdoğan bildirib ki, bölgədə baş verən hadisələr Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və strateji əhəmiyyətli olduğunu bir daha göstərir. O qeyd edib ki, region üçün vaxtilə xəyal hesab edilən bir çox meqa layihələr Azərbaycanla birlikdə uğurla həyata keçirilməyə davam edir.
Ərdoğan “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” və TANAP boru kəməri kimi layihələri xatırladaraq, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri çərçivəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdiyini vurğulayıb.
Türkiyə ilə Azərbaycanın “Şafaq-Asiman” yatağındakı yeni tərəfdaşlığının əməkdaşlığın fasiləsiz davam etdiyinin yeni sübutu olduğunu qeyd edən Prezident Ərdoğan əlavə edib:
“Ötən il istifadəyə verilən ‘İğdır-Naxçıvan’ boru kəməri Naxçıvanın enerji təchizatı təhlükəsizliyini gücləndirib. Türkiyə ilə Azərbaycan arasındakı elektrik əlaqələri bizim üçün strateji əhəmiyyət daşıyır. Ümid edirik ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında həyata keçiriləcək ‘Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti’ layihəsi bütün regionun enerji təhlükəsizliyinə töhfə verəcək”.
Prezident Ərdoğan mesajında həmçinin bildirib ki, ötən ilin avqustunda Türkiyə-Azərbaycan birgə təşəbbüsü nəticəsində Suriyaya qaz nəqlinin başlanması həmin ölkənin inkişafına və regional təhlükəsizliyə mühüm töhfə verir.
O vurğulayıb ki, Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən ixracı istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Ərdoğan həmçinin Qazaxıstanın təbii sərvətlərinin Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan xəttindən istifadənin artdığını qeyd edib.
Türkiyənin bərpa olunan və yaşıl enerji də daxil olmaqla enerji sahəsinin bütün istiqamətlərində səmərəlilik və ətraf mühitə hörmət prinsiplərinə əsaslanan bir baxışa sahib olduğunu deyən Prezident Ərdoğan, bu ilin 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək COP31 Zirvəsi ilə qlobal iqlim fəaliyyətində öncül ölkələrdən biri olmaq əzmlərini daha da gücləndirəcəklərini bildirib.
Mesajının sonunda Prezident Ərdoğan Bakı Enerji Həftəsinin ölkələr və region üçün faydalı nəticələr verməsini arzulayıb.
















