"Pulla xoşbəxtliyi almağın mümkün olmadığını deyən adam nə danışdığını çox yaxşı bilirdi".
1xeber.media xəbər verir ki, bunu dünyanın ən varlı insanı İlon Mask 44 milyard dollara aldığı "X" sosial şəbəkəsində yazıb.
"The Guardian" nəşri Maskın bu fikrini şərh edib.
KİV hesab edir ki, Maskın bu fikri köhnəlmiş ifadədir. 2024-cü ildə aparılan araşdırma zəngin insanlarla aşağı gəlirli vətəndaşların xoşbəxtlik səviyyəsi arasında böyük fərq olduğunu ortaya qoyub. Elmi işin müəllifi qeyd edib ki, “pul və xoşbəxtlik arasındakı əlaqənin təxminən 75%-i insanın öz həyatı üzərində daha güclü nəzarət hissi ilə izah oluna bilər”.
"Ancaq hər qaydanın istisnası var. Dünyanın ən varlı adamı elə də xoşbəxt təsir bağışlamır, deyilmi? Sanki Mask boş vaxtının hər dəqiqəsini "X" platformasında qəzəbini tökməklə keçirir. Ola bilsin ki, onun ekzistensial kədərini susdurmaq üçün sadəcə bir az da pula ehtiyacı var. Əgər hər şey plana uyğun getsə və bu həftəyə planlaşdırılan SpaceX şirkətinin IPO-su baş tutsa,İlon Mask dünyanın ilk trilyoneri ola və bəlkə də nəhayət xoşbəxtlik tapa bilər", - bunu nəşr yazıb.
Əslində isə əsas problem Maskın trilyoner olmasının onun daxili dünyasına necə təsir edəcəyi deyil. Əsas məsələ bunun demokratiyaya necə təsir göstərəcəyidir.
"Sizə elə gəlirdi ki, milyarder Mask artıq həddindən artıq güclüdür? Trilyon dollar bu “raketçi”yə tamamilə fərqli səviyyədə toxunulmazlıq qazandıracaq və ona həyatlarımız üzərində daha böyük təsir imkanı verəcək. İnsan beyni milyardın miqyasını anlamaqda çətinlik çəkir, trilyondan isə danışmağa belə dəyməz. Buna görə də bir anlıq dayanıb bu məbləğin nə qədər ağlasığmaz olduğunu düşünmək lazımdır. Söhbət 12 sıfırdan - milyon dəfə milyon dollardan gedir. Əgər siz hər gün bir milyon dollar xərcləsəydiniz belə, bir trilyon dolları bitirmək üçün sizə 2700 ildən çox vaxt lazım olardı", - məqalənin müəllifləri vurğulayıblar.
















