1xeber.media xəbər verir ki, 2026-cı il futbol üzrə Dünya Çempionatı öncəsi maraqlı qalmaqal yaşanıb. Somalidən olan tanınmış futbol hakimi Omar Artan ABŞ ərazisinə buraxılmayıb.
Məlumata görə, Artan FİFA tərəfindən Dünya Çempionatında oyunları idarə etmək üçün seçilmiş hakimlərdən biri olub. O, etibarlı ABŞ vizasına malik olsa da, Mayami hava limanında ölkəyə girişinə icazə verilməyib və geri göndərilib.
Somalinin Gənclər və İdman Nazirliyinin nümayəndələri hadisəyə etiraz edərək bildiriblər ki, bu qərar idmanda bərabərlik və ədalət prinsiplərinə ziddir. Onların sözlərinə görə, Omar Artan Afrika qitəsinin ən nüfuzlu hakimlərindən biri hesab olunur.
Hadisənin səbəbi rəsmi şəkildə açıqlanmasa da, bəzi beynəlxalq media orqanları bunu ABŞ-ın müəyyən ölkələrə tətbiq etdiyi miqrasiya məhdudiyyətləri ilə əlaqələndirir.
Məsələ beynəlxalq futbol ictimaiyyətində müzakirələrə səbəb olub və FİFA-dan rəsmi mövqe gözlənilir.
















