Pakistanın Baş naziri Şahbaz Şərif regionda sülhün bərqərar olunması istiqamətində aparılan danışıqlarla bağlı bəyanat yayıb.
1xeber.media xəbər verir ki, Pakistan hökumətinin rəhbəri “X” hesabında sülh sazişini pozmağa çalışan qüvvələrin fəaliyyətinə diqqət çəkərək, rəsmi İslamabadın vasitəçilik missiyasını uğurla davam etdirdiyini bildirib:
“Pakistanın davam edən intensiv vasitəçilik səyləri fonunda biz sülh sazişini baltalamaq istəyənlərin apardığı fasiləsiz dezinformasiya kampaniyasından tam xəbərdarıq. Bütün bu kənar küy və manipulyasiyaları bir kənara qoyaraq təsdiq edə bilərik ki, sülh sazişinin yekun, tərəflər arasında razılaşdırılmış mətni artıq əldə olunub”.
Ş. Şərif hazırda növbəti addımların tamamlanması üçün Pakistanın hər iki tərəflə sıx şəkildə işlədiyini vurğulayıb. Baş nazir bəyanatının sonunda böyük ümid mesajı verərək, “sülh heç vaxt indiki qədər yaxın olmayıb” ifadəsini işlədib.
















